İlham Əliyev: "Zəngəzur dəhlizi İrandakı Şimal dəhlizinə dəstək olacaq"

İlham Əliyev: "Zəngəzur dəhlizi İrandakı Şimal dəhlizinə dəstək olacaq"

27 Avqust 2025

Zəngəzur dəhlizi İranda mövcud olan Şimal dəhlizinə dəstək olacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib.

"Çünki əvvəlcə planlaşdırılmış və layihələndirilmiş Şimal-Cənub dəhlizi Şimaldan, Şimali Avropadan, Rusiyadan, Azərbaycandan, İrandan, Fars körfəzindən düz xətlə gedir. Xəritəyə baxsanız, o, Azərbaycan ərazisindən, qismən də Xəzər dənizinin sahilindən keçməkdədir", - Azərbaycan lideri vurğulayıb.

Onun sözlərinə görə, bu, tamamilə Azərbaycan ərazisində tikilmiş həqiqi Şimal-Cənub dəhlizidir: "Rusiya sərhədindən İran sərhədinədək dəmir və magistral yolları əlaqəmiz var. Çatışmayan hissə İran ərazisindədir. Onlar təxminən 150 kilometrlik və ya daha çox hissəni tikməlidirlər. Lakin bu, müəyyən vaxt aparacaq, bəlkə də bir neçə il. Bəs, Şimalla Cənub arasındakı əlaqələr necə qurulacaq? Zəngəzurdan keçə bilər. Xəritəni göz önünə gətirsəniz, həmin yol Şimali Avropadan Rusiyaya, Azərbaycana, sonra Azərbaycandan Zəngəzura gedə, Naxçıvana daxil ola, - və oradan isə bizim İranla dəmir yolu əlaqəmiz var, - və onunla Fars körfəzinə çıxmaq olar. Deməli, əslində, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək. Sualınıza qayıdaraq qeyd edim, mən bilirəm ki, İran Hökuməti bunu başa düşür və Azərbaycan bütün bölgə ölkələri arasında regional əməkdaşlığı gücləndirmək üçün hər şeyi edəcək".

"Biz siyasətimizi İran xalqı tərəfindən seçilən və öz vəzifəsini yerinə yetirmək səlahiyyətinə malik olan, yəni, Prezident kimi siyasətçilərə əsasən qururuq. Hazırda müşavir kimi adlandırılan bəzi keçmiş rəsmilər tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Nə məsləhətlər verirlər, bilmirəm. Dərhal reaksiya oldu. Bu mövqe bizim üçün heç cür əhəmiyyətli deyil. Bizim üçün bunun əhəmiyyəti sıfırdır, çünki dövlətlərarası münasibətlərimiz hökumətlər, prezidentlər, xarici işlər nazirləri arasında qurulur. Buna görə də dırnaqarası müşavirlərin bu yalançı rəvayətlərinə qətiyyən məhəl qoymuruq. Beləliklə, bizim üçün hər şey aydındır. Prezidentin mövqeyi tamamilə məntiqlidir və ona əsaslanır ki, Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil. Bəzi media orqanlarında, bəzi internet saytlarında Azərbaycanın Zəngəzuru işğal edəcəyinə, İranla Ermənistan sərhədini kəsəcəyinə dair planlar barədə çoxlu şayiələr yayılmışdır. Bu, tamamilə yalandır. Bizim belə bir niyyətimiz yoxdur. Hər halda, etmək istəsəydik, edərdik. 2020-ci ilin noyabr ayında bunu etmək çox asan idi. Bu son beş il ərzində də bunu etmək çox asan idi. Cəmi 40 kilometrdir, hərbi baxımdan çox vaxt aparmayacaqdı. Sadəcə, hər iki tərəfdən - Naxçıvandan və Azərbaycanın bu tərəfindən gəlirsən və götürürsən", - deyə dövlət başçısı vurğulayıb.

"Hətta pis məsləhətlər verənlər də bilirlər ki, bunun üçün bizim gücümüz var. Biz təcavüzkar olmadığımız üçün bunu etmədik. Biz işğal edən ölkə deyilik, biz əraziləri azad edən insanlar və ölkəyik. Bizim işimiz bundan ibarət idi və bizim müharibə də ədalətli idi. Müharibəmiz azadlıq müharibəsi idi. Müharibəni öz torpaqlarımızda, ədalətin bərpası naminə aparmışıq. Beləliklə, bu baxımdan hesab edirəm ki, bizim indi Ermənistan-İran sərhədini kəsməyi planlaşdırdığımızla bağlı bütün bu söz-söhbətlər tamamilə əsassızdır. Bunu hamı bilir. Yeri gəlmişkən, bu beş il ərzində Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olanda biz İran Hökuməti ilə yenə də hökumətlərarası razılığa gəldik ki, İran ərazisində əlavə yol çəkiləcək və o, Araz çayının adı ilə - “Araz dəhlizi” adlanırdı. Azərbaycan Ermənistandan yan keçmək üçün Araz çayı üzərində körpünün tikintisinə xeyli vəsait yatırır. Xəritəyə baxsanız, bunun çətin olmadığını görəcəksiniz. Siz, sadəcə olaraq, Ermənistan-Azərbaycan sərhədinə çatırsınız, sonra sola dönürsünüz, çay üzərində körpü tikirsiniz və İran ərazisində 40 kilometr gedirsiniz, sonra yenidən Naxçıvana daxil olursunuz. Belə ki, bu layihə artıq icra mərhələsindədir. Ermənistandan keçən dəhliz açılanda bizim iki yolumuz olacaq, yükləri çatdırmaq üçün daha çox imkanlarımız olacaq - bir yolla İrandan, digər yolla Ermənistandan. Biz İran hökumətindəki həmkarlarımızla onu da müzakirə etdik ki, çayın digər sahilində, İran ərazisində dəmir yolunun tikintisi zərurəti yarana bilər. Belə olarsa - İran həmin yolu inşa etsə, yüklərin bir hissəsi İrandan keçəcək", - deyə İ.Əliyev əlavə edib.