"İnsan Hüquqları Aylığı"na uğurla yekun vurulub -

"İnsan Hüquqları Aylığı"na uğurla yekun vurulub - FOTO

24 İyun 2025

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən 18 iyun tarixi hər il ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu əlamətdar gün ərəfəsində ənənəvi olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ölkədə 18 may - 18 iyun tarixləri "İnsan Hüquqları Aylığı" elan edilir. Aylığın elan edilməsi bütün ölkədə olduğu kimi, muxtar respublikada da geniş qeyd edilir və bu, müstəqil dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin parlaq təzahürü kimi cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)  tərəfindən "İnsan Hüquqları Aylığı" çərçivəsində həyata keçirilən silsilə tədbirlər cəmiyyətdə hüquq düşüncəsinin, hüquqi şüurun, hüquq mədəniyyətinin və vətəndaş cəmiyyətinin davamlı inkişafı prosesinə töhfə vermək məqsədi daşıyıb. Müvəkkil aparatı tərəfindən bütün sosial qruplara ünvanlanan və müxtəlif istiqamətlər üzrə hüquq və azadlıqların təmin edilməsi məqsədilə keçirilən tədbirlərdə 668 nəfər iştirak edib. Aylıq çərçivəsində təşkil edilmiş aksiyada 34 müraciət baxılmaq üçün Müvəkkilin icraatına qəbul edilib.

Həmçinin Müvəkkilin müraciəti əsasında muxtar respublikada fəaliyyət göstərən 19 dövlət qurumu tərəfindən 78 tədbir həyata keçirilib.