Karateçilər Mömünə Xatun türbəsinin ətrafında açıq məşq keçiblər
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü əsasında “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar müxtəlif idman növləri üzrə açıq hava məşğələlərinə start verilib. Məqsəd gənc nəslin tarixi-mədəni irsimizə marağının artırılması, memarlıq abidələrinin tanıdılması, idmanın və sağlam həyat tərzinin təbliğidir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində yerləşən Mömünə Xatun türbəsinin ətrafındakı istirahət parkında “Qapıcıq” karate-do idman klubunun açıq məşqi təşkil olunub. Azyaşlı idmançıların iştirakı ilə keçirilən məşq prosesi zamanı idmançılar karate üzrə müxtəlif texniki və fiziki hazırlıq elementlərini nümayiş etdiriblər.
Layihə çərçivəsində açıq hava məşğələlərinin digər idman növləri üzrə də davam etdirilməsi və muxtar respublikanın müxtəlif tarixi-mədəni məkanlarını əhatə etməsi nəzərdə tutulur.












