
Kəmaləddin Heydərov Koreyanın Azərbaycana yeni təyin olunan səfiri ilə görüşüb
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Koreyanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanq ilə görüşüb.
Bu barədə "NAÇIVANXƏBƏRLƏRİ"-nə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir səfir Kımqu Kanqı səmimi salamlayaraq, Azərbaycanda fövqəladə və səlahiyyətli səfir təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan ilə Koreya arasında münasibətlərin qarşılıqlı hörmət və səmimi tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayan nazir, bu çərçivədə iki ölkənin uyğun qurumları arasında fövqəladə hallarla mübarizə üzrə münasibətlərin daha da genişləndirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib.
Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə qonağa ətraflı məlumat verən nazir Kəmaləddin Heydərov iki dost ölkə arasında sözügedən sahədə ikitərəfli əməkdaşlığın ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirildiyini diqqətə çatdırıb. Nazir imzalanmış müvafiq ikitərəfli sənədlər əsasında görülən işlərdən danışıb, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətinə toxunub.
Səmimi görüşə və təbrikə görə təşəkkürünü bildirən Koreyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanq iki ölkə arasında münasibətlərin, o cümlədən fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlığın daim genişləndiyindən məmnunluq ifadə edib. Səfir K.Kanq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki ölkənin uyğun qurumları arasında əlaqələrin inkişaf etdirilməsinin qarşılıqlı faydasından danışıb, bu istiqamətdə səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.