
Kəngərlidə toy günü qəzaya səbəb olan sürücüyə hökm oxunub
Kəngərli Rayon Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərid Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Hakim Zülfüqar Əhmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm elan olunub. Məhkəmənin qərarına əsasən, Fərid Rəsulov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qəza ötən il, sentyabrın 21-də Kəngərli rayonu ərazisində baş verib. Fərid Rəsulovun idarə etdiyi "Ford" markalı avtomobil VAZ-2106 markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə VAZ-2106-nın sürücüsü, Təbriz Fəxrəddin oğlu Məmmədov hadisə yerində həyatını itirib.
Qəza zamanı avtomobildə olan digər sərnişinlər – Təbriz Yadulla oğlu Əsgərli, Elvin Zeynalabdin oğlu Tağıyev və Tayfun Amin oğlu Qulubəyli isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qeyd edək ki, qəza baş verən gün Fərid Rəsulovun toy mərasimi keçirilib.