Milli Məclis komitələrinin birgə iclasında növbəti ilin büdcə layihəsi müzakirə edilib

Milli Məclis komitələrinin birgə iclasında növbəti ilin büdcə layihəsi müzakirə edilib

13 Noyabr 2025

Noyabrın 13-də keçirilmiş Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Milli Məclis sədrinin müavini Musa Qasımlı növbəti ilin büdcə layihəsinin müzakirəsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işlərinin həyata keçirildiyi, keçmiş məcburi köçkünlərin müasir yaşayış məntəqələrinə qaytarıldığı, həmin yerlərdə mədəniyyətimizin, elmimizin, təhsilimizin yenidən bərpa edildiyi, Vaşinqtonda sülh sazişi layihəsinin paraflandığı bir şəraitdə keçirildiyini və bütün bunların ölkəmizin 2025-ci ildə uğurlu yol keçdiyinin göstəricisi olduğunu vurğulayıb. O, bugünkü müzakirələrin, eyni zamanda, dövlət suverenliyimizin bərpa edilməsinin 5 illiyi, Konstitusiyamızın qəbul olunmasının 30 illiyi kimi əlamətdar hadisələrə təsadüf etdiyini söyləyib.

Maliyyə nazirinin müavini Himalay Məmişov bildirib ki, 2026-cı ilin dövlət büdcəsinin xərcləri 41,7 milyard manat həcmində proqnozlaşdırılıb. Bu, cari illə müqayisədə 296 milyon manat və ya 0,7 faiz, ötən illə müqayisədə isə 4 milyard manat və ya 10,6 faiz çoxdur. Xərclərin 25,2 milyard manatı və ya 60,3 faizi cari xərclərə, 14,1 milyard manatı və ya 33,8 faizi əsaslı xərclərə, 2,5 milyard manatı və ya 5,9 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək. Cari xərclərin 88,1 faizi qeyri neft-qaz sektoru üzrə daxil olmaların hesabına qarşılanacaq. Cari xərclərin əsas hissəsi sosialyönlü xərclərin payına düşür. Belə ki, 2026-cı ildə sosialyönlü xərclərə 17,1 milyard manat və ya dövlət büdcəsi xərclərinin 41,1 faizi həcmində vəsait ayrılacaq.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2026-cı ilin dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini təqdim edib. O bildirib ki, rəy 2026-cı il üçün dövlət büdcəsinə dair qanun layihəsinin və layihə ilə birlikdə təqdim olunan sənədlərin mövcud qanunvericilik aktlarına uyğunluğu, nəzərdə tutulmuş dövlət büdcəsinin gəlir və xərcləri, habelə büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyü və tamlığı, bu göstəricilərin əsas makroiqtisadi parametrlərə və ölkənin strateji sənədlərinə uyğunluğu barədə kənar dövlət maliyyəyə nəzarət orqanının mövqeyini ifadə edir.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli vurğulayıb ki, qeyri-neft-qaz sektorunun şaxələndirilməsi, biznes mühitinin təkmilləşdirilməsi, fiskal idarəetmənin optimallaşdırılması və digər tədbirlər nəticəsində ölkə iqtisadiyyatı yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Həyata keçirilən inkişaf strategiyası Azərbaycanın ərazi bütövlüyünün bərpası, beynəlxalq nüfuzunun artırılması, ölkənin sosial-iqtisadi potensialının gücləndirilməsi və rifahın yüksəldilməsini təmin edib. Azərbaycan iqtisadi mövqeyinin yüksəlməsi qeyri-neft-qaz sektorunun şaxələnməsi ilə bağlıdır.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, son illər Azərbaycanın kənd təsərrüfatı sahəsinin tənzimlənməsi istiqamətində institusional dəyişiklər aparılıb, dövlət dəstəyinin həcmi və effektivliyi artırılıb. Sektor üzrə icra göstəricilərinin dinamikasını nəzərə çatdıran nazir deyib ki, həyata keçirilən tədbirlər sayəsində kənd təsərrüfatında istehsalın dayanıqlı artımı təmin olunub. O qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsində kənd təsərrüfatı tədbirlərinin həyata keçirilməsi üçün 547,8 milyon manat vəsait nəzərdə tutulub. Bu vəsaitdən 483,2 milyon manatı Aqrar Kredit və İnkişaf Agentliyinin, 55,5 milyon manatı Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri ilə bağlı tədbirlərə, 9,1 milyon manatı isə nazirlik tərəfindən həyata keçirilən tədbirlərə sərf olunacaq. Diqqətə çatdırılıb ki, 2026-cı ilin dövlət büdcəsində Balıqçılıq və Akvakultura Mərkəzi və tabeliyindəki qurumların fəaliyyətinin təmin edilməsi üçün ilk dəfə olaraq 4,4 milyon manat nəzərdə tutulub.

Elm və təhsil naziri Emin Əmrullayev 2026-cı ilin dövlət büdcəsində elm və təhsil sahələrinə ayrılan vəsaitlər, həyata keçirilən islahatlar, görülən işlər və qarşıdakı hədəflər barədə məlumat verib. Nazir bildirib ki, 2026-cı ilin dövlət büdcəsində Təhsil bölməsi üzrə 5 milyard 15 milyon manat vəsait proqnozlaşdırılıb. Bu, ötən illə müqayisədə 48,5 milyon manat artım deməkdir. Son beş il ərzində təhsil sektoruna ayrılan dövlət vəsaiti 1,6 dəfə artıb. Artımlar əsasən müəllim və təhsil işçilərinin sosial rifahının yüksəldilməsi və əməkhaqqı xərclərinin maliyyələşdirilməsinə yönəldilib. Vurğulanıb ki, təhsilə ayrılan vəsaitin ilbəil artım dinamikası ölkə başçısının təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğısı, eləcə də dövlət siyasətində insan kapitalının formalaşdırılmasının prioritet istiqamət kimi müəyyən edilməsinin məntiqi nəticəsidir. Elm köməkçi bölməsi üzrə 2026-cı ildə 229 milyon manat vəsait nəzərdə tutulur. Vəsaitin 87,9 milyon manatı Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisə və təşkilatlara yönəldiləcək, onun da 78,1 faizini əməyin ödənişi xərcləri təşkil edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxışında ölkədə ailə və gender siyasətinin inkişafı, eləcə məişət zorakılığı ilə mübarizə və boşanmalardan sonra yaranan sosial problemlərin azaldılması istiqamətində görülən işlərdən danışıb. O, qadın və uşaq hüquqlarının, ailə dəyərlərinin qorunmasının vacibliyini, yerli idarəetmə orqanlarının ailə və sosial rifah məsələlərində rolunun artırılmasının önəmini vurğulayıb.

Çıxış edən parlamentin komitə sədrləri 2026-cı ilin dövlət büdcəsinin əsas göstəricilərini yüksək qiymətləndiriblər, müxtəlif məsələlər barədə fikirlərini bölüşüblər, bir sıra qeyd və təkliflərini səsləndiriblər.

İclasda gündəlikdəki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.