Vüqar Gülməmmədov: "Təhsilin ortamüddətli xərclər çərçivəsində kəmiyyət göstəriciləri artırılmalıdır"

Vüqar Gülməmmədov: "Təhsilin ortamüddətli xərclər çərçivəsində kəmiyyət göstəriciləri artırılmalıdır"

13 Noyabr 2025

Azərbaycanda təhsilin ortamüddətli xərclər çərçivəsində kəmiyyət göstəriciləri artırılmalıdır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, həmçinin Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

Onun sözlərinə görə, orta müddətli xərclər çərçivəsində müəyyən edilmiş hədəflərin ölçülməsi üçün daha geniş və dəqiq göstəricilərə ehtiyac var: "Hədəflər üzrə kəmiyyət göstəricilərinin artırılması və dəqiqləşdirilməsi zəruridir. Bu yanaşma nəzərdə tutulan və icra edilən vəsaitlərin nəticəliliyinin qiymətləndirilməsi imkanlarını genişləndirə bilər."

Sədr həmçinin orta ixtisas təhsili üzrə təqaüd xərclərinin azalmasına diqqət çəkib: "Orta ixtisas təhsili üzrə təqaüdlərdə azalma müşahidə olunur, lakin bu dinamika həmin pillədə tələbələrin say artımı ilə üst-üstə düşmür".

Onun sözlərinə görə, kənd təsərrüfatı bölməsi üzrə məlumatlar da indikatorların təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərib: "Əsas icraçı qurumlardan aldığımız məlumatlar göstərir ki, bəzi indikatorlar növbəti il üçün adekvat deyil və daha təkmil göstəricilərə ehtiyac var".

V. Gülməmmədov bildirib ki, növbəti ildən publik hüquqi şəxslərə ayrılan vəsaitlərin monitorinq mexanizmi təkmilləşdiriləcək: "Dövlət adından yaradılmış publik hüquqi şəxslərə və dövlət məhsullarına ayrılan vəsaitlərin xəzinə vasitəsilə müşahidəsi nəzərdə tutulur. Bu, həmin vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti gücləndirəcək".