Milli Məclisin nümayəndə heyəti II İlyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisidədir

Milli Məclisin nümayəndə heyəti II İlyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisidədir

22 Mart 2026

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanın dəfn mərasimində iştirak etmək məqsədilə Tbilisiyə səfər edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nümayəndə heyətini Şota Rustaveli Beynəlxalq Hava Limanında Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, Gürcü Pravoslav Kilsəsinin Patriarxı, Zuqdidi və Saişi Yeparxiyasının Mitropoliti, Gürcüstan Patriarxlığının Xarici İşlər Departamentinin rəhbəri. Mitropolit Gerasim və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycan nümayəndə heyətinin tərkibində Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə və Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov də yer alır.

Səfər çərçivəsində nümayəndə heyəti Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanın dəfn mərasimində iştirak edərək Azərbaycan xalqının dərin hüzn və ehtiramını Gürcü xalqına çatdıracaq.

Qeyd edək ki, II İlya martın 17-də 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar Gürcüstanda matəm elan olunub.

Patriarxla vida mərasimi Müqəddəs Üçlük Katedralından Sioni Katedralına qədər yürüşlə müşayiət olunacaq.

Məlumata əsasən, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya bu gün saat 15-də Sioni Katedralında dəfn ediləcək.