Naxçıvan Hərbi Kollecində Novruz və Ramazan bayramları münasibətilə tədbir keçirilib -

Naxçıvan Hərbi Kollecində Novruz və Ramazan bayramları münasibətilə tədbir keçirilib - FOTO

21 Mart 2026

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində Novruz və Ramazan bayramları münasibətilə “Yurdumuzun Novruz və Ramazan həmrəyliyi” adlı tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirin rəsmi hissəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik Yaşar Hüseynov çıxış edərək Əlahiddə Ümumqoşun Ordu Komandanı general-leytenant Kənan Seyidovun və Milli Müdafiə Universitetinin rektoru, general-mayor Gündüz Əbdülovun bayram təbrikini şəxsi heyətə çatdırıb.

Tədbirdə həmçinin Naxçıvan Muxtar Respublikası Yeni Azərbaycan Partiyasının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli çıxış edərək şəxsi heyəti Novruz və Ramazan bayramları münasibətilə təbrik edib, bu bayramların tarixi və mənəvi əhəmiyyətindən bəhs edib.

Rəsmi hissənin sonunda tədbirlə əlaqədar videoçarx nümayiş olunub. Milli Müdafiə Universiteti rektorunun əmrinə əsasən şəxsi heyətə Fəxri Fərmanlar təqdim edilib.

Tədbirin bədii hissəsində kursantların hazırladıqları musiqi nömrələri, hərbi nümayişlər, bədii qiraətlər, həmçinin kosa və keçəl obrazlarının iştirakı ilə kompozisiyalar təqdim olunub. Bayram tonqalı yandırılıb.

Sonda kollecin rəisinin əmrinə əsasən şəxsi heyətə Fəxri Fərmanlar təqdim olunub.