
Minnətdarıq, cənab Prezident !
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin təhsil həyatında daha bir mühüm və tələbəyönümlü Sərəncam imzaladı. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamdan irəli gələrək doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və bununla bağlı 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncama dəyişiklik edilməsi haqqında yeni Sərəncam bir daha sübut etdi ki, dövlətimiz üçün gənclərin rifahı, elmi potensialı və intellektual inkişafı daimi prioritet istiqamətdir. Bu istiqamətdə cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən ardıcıl təhsil islahatları təhsilalanlara göstərilən dövlət qayğısının, ölkəmizdə insan kapitalının gücləndirilməsinə yönəlmiş məqsədyönlü siyasətin bariz nümunəsi, cənab Prezidentin “Biz gələcəyimizi gənclərdə görürük” fikrinin əməli təzahürüdür.
Ölkəmizdə təhsilalanlara göstərilən bu cür yüksək diqqət və qayğı təhsilalanların dövlət və xalq qarşısında milli məsuliyyət hissini gücləndirməklə yanaşı, akademik fəaliyyətlərə daha fəal qoşulmalarını, bilik əsaslı idarəçiliyin və rəqabətqabiliyyətli gəncliyin formalaşmasını da şərtləndirir. Bu, tələbə gənclərdə təşəbbüskarlıq ruhunu, yaradıcılığı və elmi maraqları artırır, onları dövlətin inkişaf prosesinə fəal iştirakçı kimi formalaşdırır. Bu gün cənab Prezidentin imzaladığı Sərəncam fonunda ölkəmizdə formalaşan tələbəyönümlü təhsil sistemi – dövlət, universitet və tələbə üçbucağında dayanıqlı və qarşılıqlı məsuliyyətə əsaslanan strateji əməkdaşlıq modelini daha da gücləndirir. Bu model təkcə təhsilalanların rifahına deyil, həm də ali təhsilin idarəetmə keyfiyyətinin artırılmasına, universitetlərin sosial institut kimi inkişafına və tələbənin cəmiyyətin fəal subyektinə çevrilməsinə şərait yaradır. Cənab Prezidentin rəhbərliyi ilə təhsil siyasətinin belə bir model üzərində qurulması ölkəmizin gələcək inkişafını təmin edən təməl sütunlardan biri kimi müəyyən edir.
Əminliklə bildirmək istəyirəm ki, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən tələbəyönümlü təhsil siyasəti ölkəmizi gələcəkdə də elmli, bilikli və vətənpərvər gənclərdən ibarət güclü bir cəmiyyət kimi daim ön sıralarda təmsil olunmasına real zəmin yaradacaqdır. Xüsusi qeyd olunmalıdır ki, bu siyasət yalnız müasir dövrün çağırışlarına cavab verməklə kifayətlənmir, eyni zamanda milli-mənəvi dəyərlərlə elmi birləşdirən yeni nəsil də formalaşdırır. Biz, gənclər olaraq, daha çox çalışaraq, elmə, təhsilə və inkişafımıza töhfə verərək bu etimadın qarşılığını əməli fəaliyyətimizlə, uğurlarımızla və ölkəmizə sədaqətimizlə verəcəyik.
Yusif MİRZƏZADƏ
Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri