
Naxçıvan Sənaye Parkı təkcə regional deyil, həm də strateji geoiqtisadi layihədir
Dünya iqtisadiyyatında sənayeləşmənin yeni mərhələsi artıq sadəcə istehsal ilə deyil, dəyər zəncirinin şaxələndirilməsi, rəqəmsallaşma, loqistika əlaqələri və sahibkarlıq təşviqləri ilə müəyyən olunur. Azərbaycan bu tendensiyanı mənimsəyərək müxtəlif regionlarda sənaye zonaları yaradıb. 2024-cü ilin dekabrında imzalanmış fərmanla Naxçıvan Sənaye Parkı da bu zəncirin mühüm halqalarından birinə çevrilmək üzrədir. İqtisadi Zonaların İnkişafı Agentliyi publik hüquqi şəxsi Naxçıvan Sənaye Parkında daxili infrastrukturun layihələndirilməsi məqsədilə tender elan edib. Layihə-smeta sənədlərinin hazırlanması üçün ayrılan vəsait 305 min manat təşkil edir. Bu addım sənaye parkının inkişafında ilkin, lakin həlledici mərhələnin başlandığını göstərir.
Prezident İlham Əliyevin 5 dekabr 2024-cü il tarixli fərmanı ilə təsdiqlənmiş Naxçıvan Sənaye Parkı ölkənin ümumi sənaye zonaları strategiyasının tərkib hissəsi kimi formalaşır. Bu qərar dövlətin qeyri-neft sektoruna yönələn uzunmüddətli iqtisadi diversifikasiya siyasətinə əsaslanır.
Parkın idarə olunması İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həyata keçiriləcək. Agentliyin strukturlaşdırılmış nəzarət modeli investisiya mühitinin şəffaf və effektiv olmasını təmin edəcək. Təşkilati baxımdan bu idarəetmədə mərkəzləşmə və hesabatlılıq deməkdir.
Naxçıvan şəhərinin cənub-qərbində yerləşən, 310 hektar sahəni əhatə edən park Naxçıvan–Sədərək magistral yolu gələcəkdə isə Zəngəzur dəhlizi ilə nəqliyyat baxımından strateji əhəmiyyətə malikdir. Parkın bu mövqeyi onun həm daxili bazara, həm də Türkiyə, İran və Avropa istiqamətlərinə çıxışını təmin edir.
Belə bir ərazidə sənaye fəaliyyətinin təşkili Naxçıvanın regional tranzit mərkəzinə çevrilməsi baxımından fundamental addımdır. İnfrastrukturun ilkin mərhələsinə 500 000 manat ayrılıb ki, bu da mühəndis-kommunikasiya sistemlərinin layihələndirilməsinə sərf olunacaq.
Naxçıvan Sənaye Parkının sektoral planlaması iqtisadi şaxələndirmə prinsipinə əsaslanır. Burada aşağıdakı sahələrin inkişafı nəzərdə tutulur:
Kimya və qida sənayesi
Metal emalı və tullantıların təkrar istifadəsi
Tikinti materialları istehsalı
Maşın və avadanlıqların yığılması
Alternativ enerji texnologiyaları
Mebel, tekstil, dəri və qablaşdırma sahələri
Bu sahələrin seçimi təsadüfi deyil. Qlobal iqtisadi trendlərə uyğun olaraq ənənəvi sənaye ilə yanaşı yaşıl enerji və dövri iqtisadiyyat konseptlərinə də yer ayrılıb. Bu isə həm yerli ehtiyacları, həm də ixrac yönlü istehsalı balanslaşdırmağa imkan verəcək.
Sənaye parkında fəaliyyət göstərəcək rezident müəssisələrə aşağıdakı iqtisadi güzəştlər də təklif edilir:
10 il müddətinə torpaq, əmlak və mənfəət vergilərindən azadolma
İdxal olunan texnoloji avadanlıq və xammal üçün ƏDV və gömrük rüsumundan azadolma
“Bir pəncərə” sistemi ilə qeydiyyat və sənədləşmə sadəliyi
Bu sistemin əsas məqsədi bariyersiz sahibkarlıq mühiti yaratmaq və xarici investorları cəlb etməkdir. Əldə ediləcək effektivlik həm də regional kapital axınlarını sürətləndirəcək.
2024-cü ilin statistikasına görə, Azərbaycanın qeyri-neft sektorunda 4,9% real artım qeydə alınıb. Bu dinamikanı davam etdirmək üçün Naxçıvan kimi potensiallı regionların sənayeləşdirilməsi zəruridir. Park vasitəsilə istehsal ediləcək məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici bazarlara çıxış üçün yeni kanal yaradacaq.
Sənaye parklarının yaratdığı ən mühüm sosial effektlərdən biri daimi iş yerlərinin açılmasıdır. Qeyd edilən digər sənaye zonalarında indiyədək 10 580-dən artıq daimi iş yeri formalaşıb. Naxçıvanda bu modelin tətbiqi həm sosial rifahı artıracaq, həm də gənclərin regionda qalmasına motivasiya yaradacaq.
Naxçıvan Sənaye Parkı təkcə regional deyil, strateji geoiqtisadi layihədir. Onun uğurlu inkişafı:
Azərbaycan-Türkiyə iqtisadi inteqrasiyasına
Zəngəzur dəhlizinin açılması perspektivinə
Yerli istehsal və ixracatın keyfiyyətli artımına
Muxtar respublikanın iqtisadi muxtariyyətinin güclənməsinə şərait yaradacaq.
Naxçıvan Sənaye Parkı təkcə istehsal müəssisələrinin bir araya toplandığı adi bir sənaye zonası deyil. O, Azərbaycanın iqtisadi strategiyasında regionların rolu baxımından önəmli bir dönüş nöqtəsidir. Bu park Naxçıvan Muxtar Respublikasının coğrafi təcrid olunmuş vəziyyətinə baxmayaraq, onu iqtisadi dinamizmin mərkəzinə çevirə biləcək güclü potensiala malikdir. Naxçıvan uzun illər blokada şəraitində yaşasa da, daxili imkanlara əsaslanaraq iqtisadi inkişafda mühüm nailiyyətlər əldə edib. Sənaye Parkı isə bu inkişafı daha sistemli və davamlı etmək üçün yaradılmış strateji platformadır. Burada fəaliyyət göstərən müəssisələr təkcə yerli bazarı təmin etməklə kifayətlənmir, həm də ixrac potensialı ilə seçilir. Bu da Naxçıvanı ölkənin ümumi iqtisadi xəritəsində daha əhəmiyyətli bir oyunçuya çevirir.
Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla birbaşa əlaqə qurmaq planları reallaşarsa, Sənaye Parkının əhəmiyyəti qat-qat artacaq. Naxçıvan bu zaman həm Qafqazın, həm də Orta Asiya ilə Yaxın Şərq arasında yeni bir ticarət və nəqliyyat qovşağına çevrilə bilər. Bu, Parkda istehsal olunan məhsulların həm daxili bazarda, həm də beynəlxalq bazarlarda daha çevik və səmərəli şəkildə dövriyyəyə buraxılmasına şərait yaradacaq.
Mətin Kamal
İqtisadçı-jurnalist
naxcivanxeberleri.az