Naxçıvana ayrılan dotasiyanın azalması nə ilə izah olunur?

Naxçıvana ayrılan dotasiyanın azalması nə ilə izah olunur?

28 İyul 2025

Maliyyə intizamı və iqtisadi müstəqillik yolunda atılan addımlar

2025-ci ilin ilk 6 ayı üzrə Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya kəskin şəkildə azalaraq cəmi 85 milyon manat təşkil edib. Bu, son illərin ən aşağı göstəricisidir və bu fakt Naxçıvanın iqtisadi idarəçiliyində yeni mərhələnin başlandığını göstərir.

Rəsmi açıqlamalara əsasən, əvvəlki illərdə Naxçıvana dövlət büdcəsindən ayrılan dotasiyaların həcmi belə olub:

2022: Plan - 457 milyon manat, icra - 425 milyon manat

2023: Plan - 452 milyon manat, icra - 315 milyon manat

2024 (ilk 6 ay): Plan - 168 milyon manat, icra - 150 milyon manat

2025 (ilk 6 ay): Plan - 122 milyon manat, icra - 85 milyon manat

Təkcə 2024-cü ilin eyni dövrü ilə müqayisədə azalma 37,7%, 2023-cü ilin faktiki icrası ilə müqayisədə isə 43,3% təşkil edir. Bu qədər kəskin azalma istər-istəməz suallar doğurur: Naxçıvana niyə daha az vəsait ayrılır? Bu, maliyyə çətinliyinin göstəricisidirmi, yoxsa iqtisadi islahatların nəticəsidirmi?

Azərbaycan Respublikası tərəfindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyalar əslində bölgənin sosial və infrastruktur tələblərini qarşılamaq məqsədi daşıyır. Coğrafi blokadada olan və xarici sərhədlərinin demək olar ki, hamısı xarici dövlətlərlə bağlı olan bu bölgə üçün dövlət büdcəsindən ayrılan vəsaitlər illərlə həyati əhəmiyyət daşıyıb.

Azalmanın səbəbləri nələrdir?

Bu azalmaya bir neçə kontekstdən əsas izah vermək olar: 

1. Maliyyə intizamının gücləndirilməsi

2023-cü ildən etibarən Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvanda fəaliyyətə başlayan Səlahiyyətli Nümayəndəlik strukturunun əsas məqsədlərindən biri -  şəffaflıq, maliyyə intizamı və idarəetmədə mərkəzləşmənin artırılması olub. Bu proses çərçivəsində büdcə xərclərinin optimallaşdırılması, təkrar xərclərin aradan qaldırılması və real tələbat əsasında dotasiyaların verilməsi siyasəti həyata keçirilir.

2. Yerli gəlir mənbələrinin artırılması

Naxçıvanda bir sıra sahələr üzrə - xüsusən turizm, sənaye, kənd təsərrüfatı və logistika sahələrində -  yerli gəlir potensialının artırılmasına yönəlik addımlar atılır. Məqsəd, Muxtar Respublikanın dövlət dotasiyasından asılılığını tədricən azaltmaq və iqtisadi müstəqilliyini gücləndirməkdir.

3. Yeni nəzarət və hesabatlılıq sistemi

Yeni idarəetmə modelində hər bir vəsaitin təyinatı üzrə istifadəsi və səmərəliliyi ciddi nəzarətə götürülüb. Bu isə artıq istənilən vəsaitin “plan əsasında” deyil, faktiki ehtiyac və imkanlar əsasında ayrılmasına səbəb olub.

Dəyişikliklərin iqtisadi mənzərəyə təsiri

Qısa müddətdə dotasiyaların azalması müəyyən sahələrdə çətinliklər yaratsa da, uzunmüddətli baxışda bu, Naxçıvanın dayanıqlı iqtisadi modelə keçidini simvolizə edir. Bu modelin əsas xüsusiyyətləri bunlardır: 

1. Yerli sahibkarlığın dəstəklənməsi və genişləndirilməsi

2. Xarici sərmayə və investorlar üçün əlverişli mühitin yaradılması

3. Büdcə xərclərinin rəqəmsal izlənməsi və effektiv planlaşdırma

4. İqtisadi müstəqilliyə doğru tədrici keçid

Azalma yoxsa yenidən qurulma?

Bəli, rəqəmlər azalmanı göstərir. Amma bu azalma Naxçıvanda iqtisadi zəifliyin deyil, idarəetmədə təmərküzləşmiş islahatların nəticəsidir. Mərkəzləşdirilmiş nəzarət, şəffaflıq, gəlirlərin artırılması və xərclərin effektivliyi əsas meyar kimi götürülür. Nəticədə, Muxtar Respublika artıq yalnız mərkəzi hökumətdən gələn vəsaitlə deyil, öz iqtisadi resursları ilə yaşamağa doğru istiqamətlənir.

Mətin Kamal

İqtisadçı-jurnalist

www.naxcivanxeberleri.az