
Şərh sənətinin dahisi, alim, hədsşünas Xətib Təbrizi
Elm aləmində dirçəliş yaxud "ensiklopediyalar və mədrəsələr" əsri kimi qiymətləndirilən XI əsr elm və fikir tarixinə unikal şəxsiyyətlər bəxş etmişdir. Bu dövrün görkəmli simalarından biri alim, şərhçi, şair Xətib Təbrizidir. 1030-cu ildə Təbrizdə anadan olan Yəhya bin Əli Xətib Təbrizi XI əsr Azərbaycan ədəbi fikir tarixində həm şair, həm də ədəbiyyat və dilçilik sahəsinin nəzəri biliklərini mükəmməl bilən bir alim idi. O, elm aləmində şərh sənətinin banisidir. Ərəb İntibah dövrünün filosof şairi Əbül-Əladan dərs alan şair ona qədər yazılmış ərəbdilli poeziyasının əksəriyyətini mütaliə etmiş və bu əsərlərin bəzilərinə şərh yazacaq qədər nəzəri biliklərə yiyələnmişdir.
Nizam əl-Mülkün (Sultan Alparslanın vəziri) dəvəti ilə Bağdaddakı Nizamiyyə mədrəsəsində 40 il dərs deyən və bu mədrəsənin kitabxanasının müdiri işləyən Xətib Təbrizinin alimlik fəaliyyətinə nəzər yetirdikdə görürük ki, ərəb dilində yazıb-yaradan və dövrünün klassik ərəb ədəbiyyatının təfsirçilərindən biri olan ədəbiyyatşünas “Şərhu–İxtiyaratil-Mafaddal”, “Əruz və qafiyə elminə dair qısa xülasə”, “Banət Suad qəsidəsinin şərhi”, “Həmasə”nin şərhi”, “Əbu Təmmam divanın şərhi” , klassik şeirin ölçülərindən bəhs edən “Kafi fi ilmeyil-arud vəl-qavafi”, “Tozihi-t-təzkirə” və.s əsərləri ilə özündən əvəl yazılmış əsərlərə fərqli rakurslardan yanaşmağa çalışmışdır. Xətib Təbrizi əsərlərə şərh yazarkən ədəbi tənqid haqqında dediyi aşağıdakı fikri tədbiq etməyə çalışmışdır: “Bir şeyi anlamayan ona eyib tutar, yaxud da azıb yolda qalar”. X.Təbrizi hər bir şairin fərdi üslubi xüsusiyətlərini, poetik züvqünü nəzərə alaraq onların əsərləri haqqında şərh yazırdı. Bu cəhətdən alim «əgər şairin əsərləri onun bədii üslubu ilə əlaqədar şəkildə tədqiq olunmazsa, tənqidçinin səhv nəticələr çıxaracağı şübhəsizdir»” fikri ilə əsərlərə yanaşırdı. Diqqətə çatdırmaq istəyirik ki, burada tənqid etmək əsərin mənasını açmaq, ifadələrin hansı mənada yazıldığını izah etmək mənasında verilir. X. Təbrizi ədəbi əsərləri təhlil edərkən, o, əsərlərə həyati və fəlsəfi yöndən də yanaşırdı. Məsələn, ədəbiyyatşünas bədii əsərlərdə məzmun gözəlliyinə əsərin cəmiyyətə çatdırmaq istədiyi ana fikirə xüsusi diqqət etmiş, formanı çoxda önəmsəməmişdir. Çünki alimə görə “insanın da dəyəri onun formasında yox məzmunundadır”. Bu fikirlər alimin ədəbi tənqid sahəsində kifayət qədər biliyə sahib olduğunu göstərir və onun əsərlərə yazdığı şərhlər Azərbaycan ədəbiyyatında ədəbi tənqidin ilk örnəklərini hesab olunur.
Ədəbiyyatşünas şərh etdiyi əsərlər silsiləsində yalnız ədəbi əsərlər yoxdur, o həmçinin “Təfsir əl-Quran”, yəni “Quranın açıqlaması” əsərində Qurandakı bir çox ifadələrin mənasını vermişdir. Xətib Təbrizi dini sahədə apardığı araşdırmalar bununla yekunlaşmır. O, İslam dininin əsas mənbələrindən biri olan hədis rəvayətlərini haqqında hicri 737-ci ildə “Mişqat əl-Məsabih” əsərini yazmışdır. Bu əsər Məhəmməd ibn Fəra əl-Bəğavinin (v. 516/1122) qələmə aldığı “Məsabih əs-Sünnə” əsəri əsasında yazılmışdır. “Mişqat əl-Məsabih” əsərin ərsəyə gəlməsində X.Təbrizinin müəllimi Şərafəddin ət-Tibinin də çox böyük təsiri olmuşdur. Tibi “Mişqat əl-Məsabih”ə yazdığı şərhi “əl-Kaşif an-Həqaiq” əsərində belə demişdir: “Dində qardaşım, sirdaşım, övliyanın seçkinlərindən, salehlərin qütbü, zahid və abidlərin şərəflisi olan Vəliyuddin Məhəmməd ibn Abdullah əl-Xətib ət-Təbrizi ilə hədislərin cəm edilməsi barəsində məşvərət etdim. Nəticədə qərara gəldik ki, “Məsabih əs-Sünnə”ni kamilləşdirək. Onun ravilərini müəyyənləşdirək, mənbələrini dəqiqləşdirib sağlamlaşdıraq. Əlavələri də ixtisar edək”. Bu əsər hal-hazırd bir çox İslam mədrəsələrində dərs vəsaiti kimi öyrədilir və əsərə çoxsaylı şərhlər yazılmış, müxtəlif dillərə tərcümə edilmişdir.
Unikal şəxsiyyətin dəyərli əsərlərindən biri olan “Şərhu təzkirəti-fi-l-heyəti lit-Tusi” yaxud digər adı ilə “Tozihi-t-təzkirə” əsərində Nəsrəddin Tusinin “İlmul-heyə” adlı astronomik əsərini şərh etmişdir. Bu əsər X.Təbrizinin astronomiya sahəsində də elmi biliklərə sahib olduğunu göstərir.
Ensiklopetik sənətkar dilçilik elminə aid də dəyərli əsərlər yaratmişdir. Alim “Quranda hallanma”, İbn Sukkeytin “Kitab- İslahül Məntiq”, “Kitabül əlfaz” , İbn Cinninin “Nəhvə dair qısa xülasə”, “On qəsidənin şərhi” əsərlərinə yazdığı düzəliş onun bu sahədə nəzəri bilikləri nə qədər mükəmməl bildiyini göstərir. “On qəsidənin şərhi” əsərində alim ərəb dilinin incəliklərindən bəhs etmiş, bu dilin sintaksis və morfologiya məsələlərini tədqiq etmişdir. Əsərdə ərəb dilində “hallanmaya aid çətin və anlaşılmaz yerləri öyrənmək, mənaları izah etmək, yorucu surətdə uzatmadan və mətləbə xələl gətirəcək dərəcədə qısaltmalardan...” bəhs edilmişdir.
Yuxarıdakı araşdırma sübut edir ki, Xətib Təbrizi Şərq elm aləmində kifayət qədər məşhur olan alimdir. Onun əksər əsərlərinin əlyazma forması Çexiya Milli Kitabxanasında mühavizə edilir. Əsərləri dərs vəsaiti kimi universitetlərdə istifadə edilir.
Səbinə Dünyamalıyeva
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi