
Sözün Gücü: İlk Qəzetdən Milli Şüura - Azərbaycanın Mətbuat Tarixi
Bu gün - iyulun 22-si, Azərbaycan milli mətbuatının 150 illiyidir. 1875-ci ildə maarifçi ziyalı, böyük mütəfəkkir Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti təkcə bir mətbuat orqanının yaranması deyil, həm də xalqın sözə, fikrə, maarifə qovuşmasının başlanğıcı idi. Bu gün, həmin tarixi hadisədən düz bir əsr yarım ötür və bu müddət ərzində Azərbaycan mətbuatı zamanın bütün sınaqlarından keçərək inkişaf edib, dəyişib, rəqəmsallaşıb - lakin öz mahiyyətini, əsas missiyasını heç zaman itirməyib.
Tarix çox vaxt qılınclarla, silahlarla yazılsa da, xalqların taleyini dəyişdirən ən böyük güc - fikrin və sözün gücüdür. XIX əsrin ortalarından başlayaraq dünyada baş verən siyasi, sosial və mədəni oyanışlar, bir çox xalqları sözün qüdrətinə inandırdı. Azərbaycan xalqı da bu dalğadan geri qalmadı və öz maarifçilik hərəkatını başlatdı. Bu hərəkatın simvoluna çevrilən “Əkinçi” qəzeti sadəcə bir mətbu orqan deyildi - bu, xalqın səsini eşitdirmək cəhdi, susdurulmuş bir millətin hayqırtısı idi. 1875-ci il, iyulun 22-si - bu tarix, Azərbaycan mətbuatının rəsmi doğum günü kimi tarixə düşüb. Həmin gün Həsən bəy Zərdabinin redaktorluğu ilə çapdan çıxan “Əkinçi” qəzeti, kağız üzərində olan sadə bir nəşr yox, xalqla aydınlar arasında körpü, milli şüurun dirçəlişinin təməli idi. Zərdabi sadə, xalqın başa düşəcəyi dildə yazırdı. O, kəndlini, zəhmətkeşi maarifləndirməyi, cəmiyyətdə düşüncə oyanışı yaratmağı qarşısına məqsəd qoymuşdu. Mətbuat təkcə xəbərləri çatdıran vasitə deyildi, o, xalqın ruhunu, ağrısını, arzusunu, səssiz fəryadını ifadə edən bir güzgü idi. XX əsrin əvvəllərinə doğru irəlilədikcə Azərbaycan mətbuatı daha da gücləndi, qəzet və jurnalların sayı artdı, yeni yazı üslubları, ədəbi-publisistik janrlar meydana çıxdı. Artıq mətbuat yalnız siyasi deyil, həm də elmi, ədəbi və ictimai düşüncənin daşıyıcısına çevrilmişdi.
Milli oyanış hərəkatlarının, istiqlal savaşlarının və azadlıq ideallarının təməlində də məhz mətbuatın yaratdığı maarifçilik ruhu dayanırdı. Qəzetlər vasitəsilə xalq öz dilini, tarixini, milli kimliyini tanımağa başladı. Hər bir yazı, hər bir köşə yazısı xalqın şüuruna toxunan bir toxum idi. Bəzən senzura mətbuatı boğmaq istədi, bəzən qəzetlər bağlandı, amma fikir - sərhədsiz idi, və hər dəfə yeni bir formada yenidən doğulmağı bacardı.
Xüsusilə 1918–1920-ci illər arasında Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə mətbuat sözün əsl mənasında inkişafın zirvəsinə çatdı. “Azərbaycan” qəzeti rəsmi dövlət orqanı kimi çıxış edərək istiqlalın ideyalarını yayır, cəmiyyətin siyasi və vətəndaş düşüncəsini formalaşdırırdı. Bir sıra qəzet və jurnallar isə ictimai tənqid, azad söz və plüralizmin tribunası rolunu oynayırdı. Bu dövrdə mətbuat yalnız xəbərləri çatdırmır, həm də gələcəyin azad cəmiyyətinin bünövrəsini qururdu.
Sovet dövründə mətbuat sərt senzura rejiminə tabe olsa da, satır aralarında gizlənən həqiqətlər xalqın şüuruna yavaş-yavaş nüfuz edirdi. İdeoloji nəzarətə baxmayaraq, mətbuat yenə də müəyyən mənada maarifçilik funksiyasını yerinə yetirirdi. Qadağalara rəğmən, yazıçılar və jurnalistlər xalqın dərdinə bədii və publisistik dildə toxunmağı bacarırdılar.
Müstəqillik dövründə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Rəqəmsal texnologiyaların, sosial medianın və internet jurnalistikasının sürətli inkişafı informasiya məkanını tamamilə dəyişdi. Artıq informasiya anında yayılır, xəbərlər real vaxt rejimində ictimaiyyətə çatdırılır. Lakin texnologiya nə qədər dəyişsə də, mətbuatın əbədi və dəyişməz missiyası yerində qalır.
İkinci Qarabağ müharibəsi dövründə (27 sentyabr - 10 noyabr 2020) də mətbuatın rolu olduqca mühüm və çoxşaxəli olmuşdur. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı mətbuat yalnız informasiya vasitəsi kimi deyil, həm də strateji silah kimi çıxış etdi. Həm daxildə milli birliyin və ruh yüksəkliyinin qorunması, həm də xaricdə Azərbaycan həqiqətlərinin təbliği baxımından media mühüm vəzifələr yerinə yetirdi. Rəsmi və qeyri-rəsmi media resursları cəbhə ilə bağlı operativ, dəqiq məlumatlar yayaraq cəmiyyətdə etibarlı informasiya məkanı yaratdı. Sosial şəbəkələr və onlayn platformalar vasitəsilə xalqla birbaşa ünsiyyət quruldu, dezinformasiyaya qarşı effektiv mübarizə aparıldı. Eyni zamanda, Azərbaycan mətbuatı beynəlxalq informasiya cəbhəsində də fəal iştirak edərək Ermənistanın yalanlarını ifşa etdi,
Unutmayaq ki, mətbuat yalnız jurnalistin işi deyil - bu, bir xalqın öz taleyinə sahib çıxmaq yoludur. “Əkinçi” sadəcə bir qəzet deyildi - o, bir xalqın oyanışı, bir düşüncənin başlanğıcı idi. Və bu fikir bu gün də davam edir - hər yazı, hər düşüncə, hər dürüst xəbər bu xalqın azad gələcəyi üçün bir addımdır.
Səfər ƏLİYEV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı