Naxçıvan Musiqi Kollecinin milli musiqimizin qorunmasındakı rolu

Naxçıvan Musiqi Kollecinin milli musiqimizin qorunmasındakı rolu

04 Fevral 2025

Əsası 1975-ci ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Naxçıvan Musiqi Kolleci bu gün də milli musiqimizin qorunması, təbliği və inkişafında mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin musiqi və mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində bu kollecin yaradılması bu günə kimi  Azərbaycan musiqisinin gələcək inkişafına böyük töhfələr verməkdədir.

Naxçıvan Musiqi Kollecinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilməsi milli musiqimizin inkişafı və təbliği üçün yeni bir mərhələ açdı. Tədris səviyyəsinin yüksəlməsi, beynəlxalq əlaqələrin genişlənməsi, müasir texnologiyalardan istifadənin artması və elmi-tədqiqat fəaliyyətlərinin güclənməsi nəticəsində Azərbaycan musiqisinin dünya miqyasında tanıdılması üçün daha geniş imkanlar yaradıldı. Bu qərar milli musiqimizin gələcək nəsillərə ötürülməsi və yeni ifaçılar yetişdirməklə musiqi mədəniyyətimizin daha da zənginləşməsinə xidmət etdi.  Şübhəsiz ki, Naxçıvan Dövlət Universitetinin akademik bazası və təcrübəsi kollecin tədris prosesinə müsbət təsir göstərməkdədir.

Son illərdə gənclərimizin musiqi seçiminin dəyişməsi, dünya musiqi mədəniyyətinin təsiri altında bayağı janrların populyarlaşması, milli musiqimizin gələcəyini təhdid edən əsas amillərdən biri kimi qarşımıza çıxır. İnternetin və sosial şəbəkələrin təsiri ilə gənclər arasında pop, rok, hip-hop (rep) kimi daha sadə və kommersiya yönümlü musiqilərə olan maraq artmaqdadır. Bu vəziyyət öz növbəsində  Azərbaycanın zəngin musiqi irsini qorumağa və inkişaf etdirməyə çalışan musiqi təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr qoyur. Naxçıvan Musiqi Kolleci də bu baxımdan milli musiqimizin qorunması və inkişafı üçün xüsusi bir əhəmiyyətə malikdir.

Naxçıvan Musiqi Kolleci milli musiqimizin dərinliyini öyrətmək və bu irsi gələcək nəsillərə ötürmək məqsədilə çox mühüm bir təhsil ocağıdır. Kollec Azərbaycanda ənənəvi musiqinin qorunması və inkişafı istiqamətindəki fəaliyyətləri ilə diqqət çəkir. Təhslidə illər boyu təsdiqini tapmış ənənəvi üsullarla müasir metodların qovuşdurulması prinsipini əsas götürən, əsasən muğam, aşıq musiqisi və xalq mahnıları kimi ənənəvi musiqi növləri üzrə dərslər keçən təhsil müəssisəsi, gənclərə milli musiqinin qiymətini və əhəmiyyətini aşılamaqla yanaşı, onları bu musiqiləri ifa etməyə və yaymağa təşviq edir.

Müasir dövrün tələblərinə uyğun olaraq  Naxçıvan Musiqi Kolleci həmçinin milli musiqimizin müasir dövrə uyğun təhlilini və inkişafını da öyrədir. Bu yanaşma gənc musiqiçilərin yalnız milli irsi qorumaqla qalmayıb, həm də onu müasir dünya səhnəsində tanıtmaq və populyarlaşdırmaq üçün hazırlıqlı olmalarını təmin edir.

Naxçıvan Musiqi Kolleci müxtəlif konsertlər, festivallar və mədəniyyət tədbirləri vasitəsilə milli musiqini təbliğ edir. Bu tədbirlər həm yerli, həm də beynəlxalq auditoriya qarşısında Azərbaycan musiqisinin zənginliyini nümayiş etdirmək məqsədini güdür. Tələbələr bu tədbirlərdə çıxış edərək, həm öz bacarıqlarını nümayiş etdirir, həm də milli musiqimizin dərinliyini və gözəlliyini başqalarına çatdırırlar.

Bundan başqa Naxçıvan Musiqi Kolleci tədris etdiyi milli musiqi növləri ilə yanaşı, müasir musiqi dünyasında populyar olan trend və janrlarla da əlaqələr qurur. Bu əlaqələr, gənclərin ənənəvi və müasir musiqi üslublarını birləşdirərək, milli musiqimizi yeni bir üslubda təqdim etmələrinə imkan yaradır. Beləliklə, Kollec keçmiş irsi qorumaqla yanaşı, eyni zamanda onu inkişaf etdirmək və müasir dövrün tələblərinə uyğunlaşdırmaqla da məşğul olur.

Bayağı musiqilərə gənclərin marağının artması, milli musiqinin unudulmasına və ya kənara atılmasına səbəb ola bilər. Bu səbəbdən Naxçıvan Musiqi Kolleci tələbələrinə yalnız musiqi təhsili verməklə kifayətlənmir, həm də onları milli dəyərlərə və mədəniyyətə hörmət etməyə, öz köklərinə bağlı olmağa təşviq edir. Belə ki, kollecdə fəaliyyət göstərən “Xalq çalğı alətləri” orkestri, “Qanunçalanlar” ansamblı, “Sazçalanlar” ansamblı, “Xalq çalğı alətləri” ansamblı, “Qədim alətlər” ansamblı, “Naxçıvanqala” ritm  qrupu, muğam üçlüyü. Xalq çalğı alətlərindən ibarət kollektivlərlə yanaşı estrada orkestri də fəaliyyət göstərir. Bu kollektivlər tələbələrin ifaçılıq bacarıqlarını inkişaf etdirmək, səhnə təcrübəsi qazanmaq və fərqli musiqi janrlarında peşəkar səviyyədə çıxış etmələrinə şərait yaratmaq məqsədi daşıyır. Xalq çalğı alətlərindən ibarət kollektivlər milli musiqimizin təbliği və qorunmasına xidmət edirsə, estrada orkestri müasir musiqi janrlarında – caz, pop və estrada musiqisinin müxtəlif üslublarında ifaları ilə fərqlənir.

Kollecdə milli musiqi alətləri ilə yanaşı həm də Avropa musiqi alətləri və musiqisi tədris olunur. Burada tar, kamança, balaban kimi ənənəvi Azərbaycan musiqi alətləri ilə yanaşı, fortepiano, skripka, klarnet və digər Avropa alətlərində ifaçılıq da öyrədilir. Bundan əlavə, klassik Avropa musiqisi, harmoniya, solfecio və musiqi nəzəriyyəsi kimi fənlər də tədris planına daxildir. Bu yanaşma tələbələrə həm milli musiqi irsimizi qorumaq, həm də beynəlxalq musiqi sahəsində bilik və bacarıqlar qazanmaq imkanı yaradır.

Öz peşəkarlıqları ilə seçilən kollecin müəllimləri gənclərə musiqinin təkcə bir əyləncə növü olmadığını, həm də bir millətin mədəniyyətini və kimliyini ifadə edən bir sənət forması olduğunu öyrədirlər. Bu yanaşma  gənclərdə milli musiqinin qorunması və inkişafına böyük bir əhəmiyyət verməyi təşviq edir.

Yarandığı gündən Naxçıvan Musiqi Kollecinin məzunları Azərbaycanın əmək bazarında müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər. Qazandıqları bilik və bacarıqlar musiqi təhsili, ifaçılıq, mədəniyyət və incəsənət sahələrində geniş tətbiq olunur. Onların fəaliyyəti sayəsində milli musiqi irsimiz yeni nəsillərə ötürülür və beynəlxalq səviyyədə tanıdılır.

Naxçıvan Musiqi Kolleci yalnız yerli səviyyədə fəaliyyət göstərməyib, həmçinin beynəlxalq musiqi tədbirlərində və festivallarda iştirak edərək, Azərbaycanın mədəniyyətini dünyaya tanıdır. Keçirilən  tədbirlər həm gənc musiqiçilər üçün yeni təcrübələr qazanmaq, həm də milli musiqinin qlobal səhnədə tanınması üçün vacibdir.

Bayağı musiqilərə olan marağın artdığı dövrdə  milli musiqimizin qorunması və inkişafı böyük bir məsuliyyət tələb edir. Yarım əsirlik yaşı olan Naxçıvan Musiqi Kolleci bu məsuliyyəti öz üzərinə götürərək, milli musiqimizin təbliği və gələcək nəsillərə ötürülməsi işində vacib və nəcib bir rol oynayır. Gənclərə yalnız musiqi bacarıqları qazandırmaqla kifayətlənməyən kollecin fəaliyyəti həm də onların milli kimliklərini və dəyərlərini qorumağa yönəlmişdir. Bu yanaşma  Naxçıvan Musiqi Kollecini yalnız yerli musiqi təhsilinin mərkəzi deyil, eyni zamanda milli musiqimizin qlobal səviyyədə tanıdılması və inkişafında mühüm rol oynayan bir təhsil müəssisəsinə çevirir.

Fətəli AXUNDZADƏ

Naxçıvan Musiqi Kollecinin direktor müavini