Naxçıvan tarixinə aid yeni tapıntılar - FOTO
Naxçıvan Muxtar Respublikası əlverişli təbii-coğrafi mövqeyə, qədim və zəngin tarixə malikdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qeyd olunduğu kimi Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindən birini təşkil edir. Muxtar Respublikamızın ərazisindəki hər qarış torpağın, daşın altında abidələrimiz, tarximiz yaşayır. Bu ərazidəki arхеоlоji abidələr, onlardan əldə olunan hər bir maddi-mədəniyyət nümunələri həm Azərbaycan, həm də dünya arхеоlоgiyasında özünəməxsus yer tutur. Оnların tədqiqi bu ərazidə məskunlaşmış insanların məişət və təsərrüfat həyatına aid yеni faktlar əldə еtməyə, хalıqımızın еtnоgеnеzisi və tariхi abidələri ilə bağlı irəli sürülmüş saxta fikirlərin hеç bir еlmi əsası оlmadığını sübut еdir. Tariximizin daha dərindən öyrənilməsində və təbliğində abidələrimizdən əldə olunmuş arxeoloji materialların tədqiqi mühüm elmi əhəmiyyət daşıyır. Bu cəhətdən Ordubad rayonunun Tivi kəndi ərazisində təsadüf nəticəsində aşkar olunmuş daşdan yonulmuş insan fiquru və mis sikkə də mühüm əhmiyyət daşıyır.
Daşda yonulmuş insan fiquru Ordubad rayonunun Tivi kəndindəki XVI-XVIII əsrlərə aid Meydan məscidində aparılan təmir işləri zamanı torpağın altından çıxarılmışdır. Belə artefaktların yayılma arealı ilə bağlı apardığımız müqayisəli araşdırma zamanı məlum olmuşdur ki, Priney yarımadasından Sibirə qədər olan geniş bir ərazidə, Hələf, Anau, Samara, Cormo, Xatun mədəniyyətinin abidələrində belə insan fiqurları aşkar olunmuşdur. Onlar daşdan, sümükdən və gildən düzəldilmişdir. Daşdan düzəldilmiş insan fiqurları forma və xüsusiyyətlərinə görə bir-birindən fərqləndiyi üçün onlara “venera”, “balbal”, “daşbaba”, “daşnənə”, “bəngüdaş”, “bədiz” və sair adlar verilmişdir. Ən qədim insan heykəli qadına məxsus olmuşdur. Onu Avstraliyadakı Paleolit dövrünə aid Villendorf abidəsində qeydə almışlar. Bu daş insan fiquruna aşkar olunduğu yerinə görə “Villendorf venerası” adı verilmişdi. Azərbaycandakı arxeoloji abidələr içərisində ən qədim insan fiquru Qobustanda Mezolit dövrünə aid Kənzə yaşayış məskənində aşkar edilmişdir. Paleolit və Mezolit dövrü ilə yanaşı digər dövrlərdə də belə artefaktlar yayılmışdır. Qazax rayonundakı Şomutəpə, Qarğalartəpəsi, Qarabağdakı İlanlıtəpə, Cənubi Azərbaycandakı Təpə-Sərab, Şərqi Anadoludakı Çatalhöyük, Dündartəpə, Hacılar abidələrində və digər yerlərdə belə arxeoloji materiallar aşkar olunmuşdur. Onların hər biri müəyyən semantik mənaya malik olmuşdur. Ən qədim insan fiquru qadına məxsus olmuşdur. Ana xaqanlığı dövründə belə artefaktlar daha çox yayılmışdır. Belə qadın fiqurları “Ana-Tanriça”nı simvolizə etmişdir. Onların Ana xaqanlığı dövründə daha geniş yayılmasının, “Ana-Tanriça”nı simvolizə etməsinin başlıca səbəbi ondan ibarətdir ki, Ana xaqanlığı dövründə qadın nəslin yaradıcısı, tayfa ocağını qoruyub saxlayan, ilahi qüvvə, bərəkət, firavanlıq mənbəyi, paklıq, müqəddəslik rəmzi hesab edildiyi üçün insanların dini-ideoloji görüşlərində mühüm yer tutmuşdur. Onların əksəriyyətində qadının əlləri, ayaqları, üzü şərti, sxematik xarakterdə, digər xüsusiyyətləri isə bir qədər qabarıq şəkildə verilmişdir. Erkən Tunc dövründə Ana xaqanlığının (matriarxat) Ata xaqanlığı (patriarxat) ilə əvəz olunması nəticəsində insanların dini-ideoloji görüşlərində, düşüncə tərzinə dəyişikliklər baş vermişdir. Kişi təsərrüfat işlərində, tayfanın idarə olunmasında əsas şəxs olduğu üçün insanların dini-ideoloji görüşlərində, düşüncə tərzində də özünəməxsus yer tutmuşdur. Kişi fiqurları əyilməzliyi, məğrurluğu, gücü, qüvvəti bildirmiş, “Ata-Tanrı”nı simvolizə etmişdir. Qadın fiqurları kimi onlar da “Əcdadlar kultu” ilə bağlı olmuşdur. Müəyyən ritual ayinlərin icrasında istifadə edilmişdir. İnsan fiqurlarının “Əcdadlar kultu” ilə bağlılıq təşkil etməsi, müəyyən ritual ayinlərin icrasında istifadə edilməsi ilə bağlı mənbələrdə xeyli məlumatlar vardır. R.K.Balandin, S.A.Tokarev və digər tədqiqatçılar;n bu haqda müxtəlif fikirləri var. S.A.Tokarev əcdadlar kultunu dinin xüsusi forması hesab etmiş, onun türklərin dini-ideoloji görüşlərində, mənəvi mədəniyyətində mühüm yer tutduğunu qeyd etmişdir. Tədqiqatçının fikrinə görə qadın heykəlləri ocağın ətrafında heç də təsadüfən tapılmamışdır. Onlar qadının ocağın sahibi, odun qoryucusu olmasını simvolizə etmişdir. R.K.Balandin qadın heykəllərinin ocağın ətrafına təsadüfən qoyulmadığını düşünmüşlər, hesab etmişlər ki, belə fiqurlar qadının qəbilə başçısı, qəbilə ayinlərinin icraçısı olmasını simvolizə etmişdir və bununla bağlı müəyyən dini ayinin icrasında istifadə edilmişdir. S.Rzasoya görə türklərin mifoloji düşüncəsində, dini-ideoloji görüşlərində özünəməxsus yer tutan Oğuz xaqan obrazı da “Əcdadlar kultu” ilə bağlılıq təşkil edir. L.N.Qumilyov qeyd olunan məsələyə münasibət bildirərkən “Əcdadlar kultu”nun Altay türklərində əsasən əyanlar, əhalinin varlı təbəqəsi arasında geniş yayıldığını söyləmişdir. “Oğuz Xaqan”, “Yaradılış”, Kitabı-Dədə Qorqud” və digər qədim türk dastanlarında da “Əcdadlar kultu”nun insanların dini-ideoloji görüşlərində özünəməxsus yer tutması ilə bağlı məlumatlar vardı. “Oğuz Xaqan” dastanında Oğuz xaqan, “Yaradılış” eposunda Qara xan, “Kitab-ı Dədə Qorqud” dastanında isə Dədə Qorqud (Qorkut Ata) əcdad kultunu simvolizə etmişdir.
Tivi kəndi ərazisində təsadüf nəticəsində aşkar olunmuş çəkisi 5,96 qram olan mis sikkənin bir üzündə quş təsviri, digər üzündə isə yazı vardır. Bu sikkə ilə bağlı apardığımız araşdırma nəticəsində onun üzərindəki yazı yaxşə oxunmadığı üçün bu haqda dəqiq fikir demək çətindir. Lakin üzərində bu tip təsvirlərin yayılma arealı, hansı dövdə istifadə edilməsi ilə bağlı apardığımız müqayisəli araşdirma zamanı məlum olmuşdur ki, elmi edəbiyyatlarda “fels” adı ilə tanınan mis sikkələrdən Orta əsrlərdə bir çox yerlərdə istifadə edilmişdir. Onların üzərindəki hər bir təsvir, hər bir işarə, yazı tanınma, fərqlənmə əlaməti olmuş, onların hansı dövlətə, hansı hökmdara məzxsus olduğunu göstərmişdir. Bu istiqamətdə tərəfimizdən aparılan müqayisəli araşdırma nəticəsində məlum olmuşdur ki, Ə.Rəcəblinin “Монетное дело во второй половине XVIII–начале XIX века (чеканка монет и денежное обращение в азербайджанских ханствах)” kirtabında belə mis sikkələrin Səfəvilər dövlətinin son dövrlərində, “Azərbaycanın: dövlət rəmzləri və atributları” kitabında Gəncə, İrəvən xanlığında XVIII əsrdə istifadə edilməsi ilə bağlı məlumat vardır. Tivi kəndinin ərazisində aşkar olunmuş mis sikkənin onlarla yaxın bənzərlik təşkil etməsinə əsasən ehtimal etmək olar ki, tərəimizdən qeydə alınmış bu mis sikkə də həmin dövrə aiddir. Onun Səfəvilər dövlətinin son dövrlərinə, Gəncə və İravan xanlığına aid olan mis sikkələrdən fərqlənməsinə əsasən ehtimal etmək olar ki, bu artefakt Naxçıvandakı yerli zərbxanaların birində kəsilmişdir.
Ordubad rayonunun Tivi kəndi ərazisində qeydə alınmış yeni arxeoloji materiallar bir daha onu sübut edir ki, Naxçıvan Mustar Respublikasının bütün bölgələrində zəngin tariximizin izləri qalmaqdadır. Tarixin canlı şahidi olan, onun daş yaddaşına çevrilən abidələrimizi, onlardan aşkar olunmuş arxeoloji materialları tədqiq etməklə tariximizi daha dərindən öyrənmək mümkündür.
Toğrul Xəlilov
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun
“Antik və Orta əsrlər arxeologiyası” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent