Naxçıvan teleradiosu 94, “Nuhçıxan” İnformasiya Agentliyi isə 8 yaşını qeyd edir
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərməyə başlayıb, 1932-ci ilin aprel ayının 1-də isə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılıb. 1963-cü ildə muxtar respublikada televiziya fəaliyyətə başlayıb.
Naxçıvan teleradiosu zəngin yaradıcılıq yolu keçib. Teleradionun fəaliyyət tarixinin ən mühüm dövrü şübhəsiz ki, 1990-1993-cü illərdə Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi illərə təsadüf edir. Naxçıvan teleradiosu həmin dövrlərdə informasiya blokadasına salınan Naxçıvanda Sovet İttifaqına ən böyük etirazın tribunasına çevrilib, Naxçıvan 1990-cı ildə birliyin tərkibindən çıxan ilk qurum kimi tarixə düşüb. Naxçıvan teleradiosu Ümummilli Liderin 1990-cı ilin yayında Naxçıvana gəlməsini, 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsini yayınlamış, Naxçıvanın və Azərbaycanın dövlətçilik taleyini həll edən qərarların qəbul olunmasında Ümummilli Liderin əsas söz tribunasına çevrilmişdir. Təsadüfi deyil ki, 1992-ci il oktyabrın 24-də Ulu Öndərə qarşı təşkil olunan dövlət çevrilişi zamanı Naxçıvan teleradiosu da hücuma məruz qalıb.
Bu gün Naxçıvan teleradiosu Azərbaycan Respublikasının və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatı barədə rəngarəng televiziya verilişləri, filmlər hazırlayaraq öz tamaşaçılarına təqdim edir.
“Nuhçıxan” İnformasiya Agentliyi isə 2018-ci il aprelin 1-də yaradılıb. Ötən 8 ildə agentlik tərəfindən geniş auditoriyaya 140 minə yaxın xəbər çatdırılıb.









