Naxçıvandan Samsuna və Trabzona uzanan yol -

Naxçıvandan Samsuna və Trabzona uzanan yol - (Davamı)

31 Mart 2026

Qara dənizin Türkiyə sahilləri sanki təbii bir amfiteatra bənzəyir. Yamacda yerləşən şəhərlər tədricən dənizə tərəf düzənliyə enir və nəhəng qədim teatr səhnəsini xatırladır. Bəlkə də elə buna görə bu tərəflərin insanlarında teatra sevgi daha fərqlidir. Hətta deyirlər ki, teatrın simvolu sayılan gülən və ağlayan maskalar da ilk dəfə Qara dəniz sahillərində hazırlanıb və o zaman digər teatrlara göndərilib. 

Naxçıvan Dövlət Milli Dram Teatrının Samsundakı 8-ci Beynəlxalq Festivaldan sonra yolu Trabzona idi. Adı Dədə Qorqud  dastanlarında keçən Trabzon elləri öz tarixi keçmişi və abidələri ilə bu gün Qara dənizin sahilində bir mavi, yaşıl inciyə bənzəyir. Trabzona bağlı Akçaabatda bu dəfə “13-cü Beynəlxalq Erol Günaydın Teatr günləri” festivalına dəvət almışdıq. Bu festival da bizim üçün yad deyidi. Çünki keçən ilin fevralında buradakı Sənət Kültür Mərkəzində Viktor Hüqonun “Edama məhkumun son günü” tamaşasını oynamışdıq və təbii ki, böyük diqqət və hörmət görmüşdük. Ümumiyyətlə, Qara dənizli tamaşaçılarda Naxçıvan camaatına oxşar çox xüsusiyyət var. Birinci tələbkardırlar. Oyunu bəyəndisə tamaşadan sonra səhnəyə çıxıb mütləq yadigar fotolar çəkdirir, öz fikirlərini, təəssüratlarını səmimi şəkildə bildirilər. Və yenə də növbəti tamaşa ilə görüşə gəlməyə dəvət edirlər. Bir də ürəkləri yatan adamı özlərininki sayır, qonaq kimi baxmırlar. Ötən ilki tamaşamızı çox bəyənmişdilər. Bizim də onlarla səmimi münasibətimizdən razı qalmışdılar. Hətta tamaşa oynayacağımız salonda bəzi şeyləri soruşanda:  “Hocam, siz ki buralara yad deyilsiniz, nə lazımdırsa özünüz götürün, bizə deməyin”, -deyib doğma münasibət yaradırdılar. 

Martın 27-də Beynəlxalq Teatr Günündə tamaşa oynamaq şərəfini də bizə vermişdilər. Bu festivala isə Türkiyənin teatrları ilə yanaşı Bolqarıstandan, Gürcüstandan və təbii ki Azərbaycandan biz olmaqla 10-yaxın teatr dəvət almışdı. Akçaabat Bələdiyyəsinin sədri Osman Nuri Ekim özü şəxsən ailəsi və idarə heyəti ilə birlikdə Hüseyn Cavidin “Ana” tamaşasına baxmağa gəlmişdi. Bu bizim teatra və sənətimizə verilən çox böyük dəyər idi. Tamaşa burada da çox uğurla oynanıldı. Hətta sonda Qanpoladın yaralı səhnəyə gəlişi o qədər təsirli idi ki, tamaşaçılar bir qədər narahat da oldular. Bu isə təbii ki, yaxşı təqdim olunan oyunun göstərdiyi təsir idi.

Oyundan sonra səhnəyə çıxan bələdiyyə sədri Hüseyn Cavid haqqında danışdı, dünyada gedən qanlı savaşlarda anaların tökdüyü göz yasalarının quruması üçün məhz sənətin əhəmiyyətini xüsusi vurğuladı. Kollektivə xatirə hədiyyəsi təqdim etdi. Biz də eyni zamanda Osman Nuri bəyə Naxçıvandan apardığımız bayram sovqatı doldurulmuş heybə hədiyyə etdik. Bu hədiyyə bələdiyyə sədrinin çox xoşuna gəldiyi üçün onunla bir neçə şəkil də çəkdirdi. 

Akçaabat festivalı bizə nə verdi? Bəlkə də bu məqam yazımın əsas qayəsidir. Burada ,istər Samsunda, istərsə də Trabzondakı festivalda bir neçə teatrın oyununu izləmə imkanımız oldu. Mono tamaşa da, 15-20 nəfərlik heyəti olan tamaşaya da baxdıq. Bizi birləşdirən sənətin-yəni teatrın gücünü bir daha gördük. Ərzuzrumdan, Giresundan gələn sənətdaşlarımızın təqdim etdiyi tamaşalarda bir səmimiyyət, peşəkarlıq vardı.  Hər bir teatr da öz regionuna uyğun tərzdə oyunla çıxış edirdi, orta oyunu (bizdə meydan oyunu kimi tanınır), muzikl (musiqili komediya), doğaclama (improvizasiya) və başqa janrlarda hazırlanan tamaşalarda aktyor oyunu çox sərbəst və verilən mesajlar aydın idi. 

Bu festivallar son illər inkişaf edən Türkiyə teatrının fərqli nümunələri idi və burada bizim üçün də öyrəniləsi məqamlar diqqəti çəkirdi. Türkiyədəki teatrlar həyatı olduğu kimi, bəzəmədən, heç bir yersiz qadağalar qoyulmadan, xalqın təbirincə, sadə, hətta bəzən populyar jarqonları belə ustalıqla, sənətkarcasına təqdim edirlər. Bu teatrlarda oyun sanki dramaturqun deyil,  xalqın məhsuludur.   Hətta hiss olunur ki, türkiyəli dramaturqlar belə oyunları çox təbii danışıqlarla yazırlar. Yəni, Akçaabat Erol Günyadın Festivalı sənətin səmimi şəkildə sərgiləndiyi bir tədbirdir. 

Akçaabat Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən bu tədbir də Samsunda olduğu kimi  bizə çoxlu dostlar qazandırdı.  İlk növbədə Akçaabat Bələdiyyəsinin Kültür və Sosioloji İşlər müdiri Turhan Bektaşoğlunu tanımağımız sənətə qiymət verən və sənətin inkişafı üçün əlindən gələni edən  bir insanı tanımağımız deməkdir. Sənət Kültür Mərkəzinin baş rejissoru Osman Gümrükçü isə bu mərkəzdə fəaliyyət göstərən teatrda 25-ə qədər əsərə quruluş verib və özü də bəzi tamaşalarda aktyor kimi çıxış edib. Bu cür insanlarla tanışlıq teatr, mədəniyyət insanının hər yerdə bir olduğunu, hətta eyni cür düşündüyünü bir daha sübut edir. Bundan başqa tarixi Sumeyla Monastırına edilən səyahət, Trabzondakı “Atatürk köşkü”nü ziyarət etməklə dahi Mustafa Kamal Atatürkün bir zamanlar bura gələndə yaşadığı tarixi məkanı ziyarət etmək şərəfi də Naxçıvan Teatrının kollektivinə nəsib oldu. Bu hissləri isə ancaq yaşamaqla duymaq olar.    

Yeri gəlmişkən, Akçaabatda Ordu şəhərindən gələn “Qara dəniz” Teatrının hazırladığı “Bir Şahnaz oyun” adlı musiqili komediya həm rejissor, həm də aktyor ifasına görə çox xoşumuza gəldi. Digər tamaşalar da aktyor oyunu daha çox gözə dəyirdisə, bu tamaşada rəssam və rejissor işi diqqəti çəkirdi. 

Beləliklə Naxçıvan Dövlət Milli Dram Teatrı bu səfərdə qardaş Türkiyə ilə Azərbaycan arasında salınmış sənət körpüsünü bir az möhkəmlətdi.  Bütün bunlardan sonra yalnız bir şeyi demək istəyirsən: “Yaşasın Teatr!”      

Səməd CANBAXŞİYEV

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti

Naxçıvan-Samsun-Trabzon-Naxçıvan