Naxçıvandan Samsuna və Trabzona uzanan yol
Son illər qardaş Türkiyənin müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr xadimləri yaşadıqları yerlərdə fərqli teatr festivalları təşkil edilər. Bu atıq bir ənənə halını alıb. 2023-cü ildə Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi teatr fədaisi və mütəxəssisi Rasim Aşının dəvəti ilə Manisanın Salehli rayonun Sart kəndindəki Beynəlxalq Dionis Teatr Düşərgəsi və Şənliyinə dəvət aldı. Kollektiv təqribən 1800 km-lik yolu gedərək burada Mehmet Ümit Görgülünün “Cibimizdəki dəlilik” oyununu iştirakçılara təqdim elədi. Sonra isə oyun İzmir və Foçada göstərildi. Buna qədər isə bu sərtlərin müəllifi Foçada keçirilən I Beynəlxalq Masal və Meddah Festivalında iştirak etmişdi. Açığını etiraf edək ki, Türkiyə teatrsevərləri Naxçıvan teatrının oyunlarına, tamaşalarına maraq göstərdilər və qısa zamanda onu sevdilər. Bunda zəhmətimizin olması təbii ki, teatr mütəxəssisi və aktyor kimi bizi də sevindirir. Naxçıvan teatrı bu gün qardaş Türkiyədə Azərbaycan teatr ənənələrini lazımi səviyyədə təqdim və təmsil, eyni zamanda Türkiyə teatrının ənənələrini öz oyunlarında tətbiq edir.
Bu söhbətə niyə belə uzaqdan başladım? Necə deyərlər, -“sözümün canı var”. 2012-cü ildə dəvət aldığımız növbəti festivalların birində , Trakyanın Uzunköprü şəhərində Trakya Bölgəsi və Balkanlar Teatr Birliyinin təşkil etdiyi festivalda Samsundan gələn Avni Rakopla tanış oldum. Öz təmkini, sadə davranışı ilə seçilən Avni bəyin xanımı Saliha Candar da teatr adamıdır. Hətta onun Dionis Teatr Düşərgəsi və Şənliyində teatr yaradıcılığı ilə bağlı keçirdiyi təlimə də qatılmışdım.
Uzunköprüdə mən Viktor Hüqonun “Edama məhkumun son günü” tamaşasını tək aktyor kimi, yəni monotamaşa olaraq ifa etdim. Tamaşaçılar çox maraqla izlədilər. Görünür Avni bəy də bu oyundan razı qalmışdı. Növbəti il, 2025-ci ildə Naxçıvan Teatrının kollektivini Samsun Böyük Şəhər Bələdiyyəsinin təşəbbüsü və Avni Rakopla Saliha Candarın rəhbərliyi ilə keçirilən Beynəlxalq Teatr Festivalına eyni oyunla dəvət etdi. İlk çıxışımız samsunlu tamaşaçılar və tədbir iştirakçısı olan mütəxəssislər tərəfindən çox maraqla və alqışlarla qarşılandı. Hətta Şimali Kiprdən gələn teatrşünas Həsən Çakmakçı bildirdi ki, o uzun illərdir dünyanın hər yerində Viktor Hüqonun əsərlərindən hazırlanan tamaşaları izləyir və Naxçıvan teatrının hazırladığı tamaşa indiyə qədər rastlaşdığı ən mükəmməl, yığcam və 3 aktyor tərəfindən səhnənin tam doldurulması baxımından yaxşı nümunələrdən biridir. Bir sözlə ilk səfərimiz uğurlu olmuşdu. Çünki bu ilki səfərimizdə tamaşaçılar, daha çox isə gənclər məndən yenə də bu tamaşada oynayıb oynamayacağımı dəfələrlə soruşdular.
Və.. bu il yenidən martın 23-dən 31-dək keçirilən 8-ci Samsun Beynəlxalq Teatr Festivalına dəvət aldıq. Novruz və Ramazan bayramındakı istirahət günlərinə təsadüf edən festivala dünyanın müxtəlif ölkələrindən teatr kollektivləri və mütəxəssislər dəvət olunmuşdu. Teatr rejissoru, yazar, tənqidçisi Nazif Uslu kimi bir mütəxəssisi burada görmək də festivalın əhəmiyyətinə nə qədər ciddi fikir verildiyinə bir işarə idi.
Kosova, Özbəkistan, Qırğızıstan, Şimali Kipr, İrandan(təəssüf ki, məlum səbəbdən iranlı aktyorlar tədbirə qatıla bilmədilər) teatr truppaları bu festivalda öz oyunlarını nümayiş etdirəcəkdi. Azərbaycanı isə biz- Naxçıvan Dövlət Milli Dram Teatrı təmsil edirdi.
Şəhərdə, ən əsası da Qara dənizin təqribən yüz metrliyində salınan Samsun Böyükşəhər Bələdiyyəsinin Sənət Mərkəzinin geniş foyesində sərgilənən Hüseyn Cavidin “Ana” əsərinin afişası ilk baxışdan diqqəti çəkirdi. Tamaşada isə xalq artisti Yasəmən Ramazanova, gənc aktyorlar Məmməd Mehdiyev,Şölə Alışova, İsmayıl Mirzəcanov, Saynur Babayev, Ələsgər Quliyev, Əlzamin Abbasov və Seyfəddin Məmmədli oynayırlar.
Budur Naxçıvan Teatrının tamaşası elan olunur və işıqlar sönür. Məhdud işıq seli altında yaralı aşiq “Kor ərəbin mahnısı” ilə salona daxil olur. Belə mizanla başlanan tamaşada bu məqam izləyiciləri necə bir oyun seyr edəcəklərinə hazırlaya bildi. Gənc aktyor Seyfəddinin məlahətli səsi salonu həm aktyor oyunu, həm səs tembri, həm də Fikrət Əmirov musiqisi ilə Hüseyn Cavid şeirinin vəhdətindən yaranan sanki mücərrəd bir aləmə kökləyirdi.
İsmayıl Mirzəcanov (İzzət) və Məmməd Mehdiyev (Orxan) oyunu iki gənc istedadın obrazın daxilindən irəli gələrək yaratdıqları gərgin emosional atmosfer, Şölə Alışovanın (İsmət) sadə və məsum, eyni zamanda öz sevgisini qorumaq üçün birdən birə Orxana, İzzətə sərt tövrləri, xalq artisti Yasəmən Ramazanovanın (Ana) səmimiyyəti və təmkini güclü oyun ab-havası yardırdı. Əlzamin Abbasov (Səlim) və Ələsgər Quliyev (Çərkəz Murad) hər dəfə səhnəyə gələndə tamaşaçı hər şeyə çox ciddi münasibət göstərən (Səlim) və Ananın mərhəmətindən sarsılan bir insanın keçirdiyi hissləri yaxşı görürdü. Saynur Babayevin (Qanpolad) səhnəyə qan içində ,yaralı halda gəlişi, sonuncu dəfə öz sevgilisinə və anasına xitabı effektiv musiqi və işığın təsiri ilə bir qədər də güclənirdi.
Emosional və peşəkar şəkildə təqdim edilən tamaşa samsunlu teatrsevərlərin və tədbirə qatılan digər kollektivlərin də çox xoşuna gəldi. Tamaşadan sonra çəkdirilən şəkillər, oyunçulara dayanmadan tamaşa, oyun tərzi, müəllif, rejissorla bağlı verilən suallar, təşkilatçılar tərəfindən edilən hədiyyələr bunu bir daha sübut edirdi. Yeri gəlmişkən, Samsun 1919-cu il mayın 19-da Mustafa Kamal Atatürkün “Bandırma” gəmisindən ilk dəfə sahilinə qədəm qoyduğu və Türkiyənin azadlıq hərəkatının başladığı şəhər kimi tarixi bir şərəfə malikdir. Ona görə də bu şəhərə bəzən “Günəşin doğulduğu şəhər” də deyirlər.
8-ci Samsun festivalı Naxçıvan Teatrının kollektivinə təkcə yaradıcılıq uğuru qazandırmadı. Bu şəhər bizə keçən il Samsun Böyükşəhər Bələdiyyə Konsevatoriyası və Teatr Bölümünün rəhbəri Avni Rakop, Saliha Candar və digər mehriban insanlarla bərabər Qırğızıstanın Bişkek Şəhər Teatrının yaradıcı kollektivini də qazandırdı. Elə ilk tanışlıqdan bir-birimizi sanki min ilin dostu kimi salamladıq. Hətta Qırğızıstanlı dostlarımız bizə özlərinin milli baş geyimini-qalpaqı, biz isə onlara Naxçıvanın tarixi abidələrini əks etdirən suvenir boşqab hədiyyə etdik.
Ən yadda qalan hədiyyəmiz isə Avni bəyə təqdim etdiyimiz Novruz heybəsi idi. Hər iki cibləri şəkərbura, paxlava, şor qoğal, Naxçıvan istehsalı olan şirniyyatlar elə həmin andaca iştirakçılara paylandı. Samsun festivalı sözün əsl mənasında sənətin, təcrübənin və mənəvi dəyərlərin bölüşdürülməsi, eyni zamanda daha da çoxlaması üçün ən gözəl məqamdır. Hər kəs bu festivalda bir şeyi anladı: dünyanın bütün haqsızlıqlarını və neqativlərini ancaq teatr sənətinin köməyi ilə aradan qaldırmaq olar!!!
Ardı var...
Səməd CANBAXŞİYEV
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti























