Naxçıvanda bəzi ərazilərdə güclü yağıntı müşahidə edilib

Naxçıvanda bəzi ərazilərdə güclü yağıntı müşahidə edilib

30 Mart 2026

Naxçıvanda yağıntılar qeyri-bərabər paylanıb – bəzi ərazilərdə intensivlik yüksək olub

"NAXÇIVANXƏBƏRLƏRİ"  məlumat verir ki, 20–30 mart tarixlərində Naxçıvan Muxtar Respublikası üzrə yağıntıların ərazi üzrə paylanması və intensivliyi təhlil edilib.

Hidrometeoroloji stansiya və məntəqələrdən əldə olunan müşahidə məlumatlarına əsasən, yaz mövsümünün başlanğıcına təsadüf edən bu dövrdə yağıntıların bölgə üzrə dəyişkən olduğu müəyyənləşib.

Məlumata görə, yağıntılar ərazi üzrə qeyri-bərabər paylanıb. Ən yüksək göstərici Parağaçay məntəqəsində qeydə alınıb – burada 48 mm yağıntı düşüb. Kükü (39 mm) və Biçənək (37 mm) ərazilərində də yüksək yağıntı müşahidə olunub. Bu isə əsasən dağlıq və yüksək relyefli ərazilərdə yağıntının daha intensiv olması ilə əlaqələndirilir.

Digər ərazilərdə isə yağıntılar orta səviyyədə qeydə alınıb. Belə ki, Şahbuz və Ordubad rayonlarında 26 mm, Naxçıvan şəhəri, Kəngərli və Axura ərazilərində 25 mm, Sədərəkdə 26 mm yağıntı düşüb. Culfa rayonunda 15 mm, Şərurda isə 19 mm yağıntı müşahidə edilib.

Ümumilikdə, aparılan təhlillər göstərir ki, hesabat dövründə yağıntıların paylanması əsasən coğrafi xüsusiyyətlərdən asılı olaraq formalaşıb.