Naxçıvanda böyük qastrol proqramı keçiriləcək

Naxçıvanda böyük qastrol proqramı keçiriləcək

20 May 2026

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən ölkənin aparıcı bədii kollektivlərinin böyük qastrol proqramı bu dəfə Naxçıvan Muxtar Respublikasını da əhatə edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, layihə çərçivəsində Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri mayın 22-də saat 19:00-da Naxçıvan şəhərində geniş konsert proqramı ilə çıxış edəcək.

Konsert Heydər Əliyev Sarayında keçiriləcək. Orkestrin müşayiəti ilə tanınmış solistlər çıxış edəcək, proqram isə Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə təqdim olunacaq.

Konsert proqramında görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Niyazi, Asəf Zeynallı, Vasif Adıgözəlov və Həsən Rzayevin əsərləri, həmçinin Azərbaycan xalq mahnılarının işləmələri səsləndiriləcək.

Qeyd edək ki, aparıcı bədii kollektivlərin qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədilə həyata keçirilir.