Naxçıvanda Günəş enerjisindən istifadənin inkişafı: dünəndən bu günə və gələcəyə
İnkişaf edən texnologiyalar və artan enerji tələbatı ilə bəşəriyyət yeni enerji mənbələrinə yönəlmək məcburiyyətində qalır. Ənənəvi fosil yanacaqlarından olan neft, qaz və kömür uzun illər dünya enerji ehtiyaclarını qarşılasa da, bu resursların məhdudluğu, qiymətlərin dəyişkənliyi və ətraf mühitə mənfi təsirləri alternativ enerji mənbələrinə yönəlməyə səbəb oldu. Ekoloji fəsadların azaldılması, enerji təhlükəsizliyinin təmin olunması və iqlim dəyişikliyi ilə mübarizə hökumətləri və cəmiyyətləri təmiz və yenilənə bilən enerji mənbələrinə keçid etməyə vadar etdi. Günəş, külək, su, biokütlə və geotermal enerji kimi alternativ enerji mənbələri, davamlı və uzunmüddətli enerji istehsalı üçün əsas alternativlər hesab olunur.
Alternativ enerji, ənənəvi fosil yanacaqlardan fərqli olaraq, təbii və təmiz enerji mənbələrindən istifadə edilən enerji növüdür. Bu mənbələr ekoloji cəhətdən təmiz və davamlıdır. Alternativ enerji mənbələri təbiətdə mövcud olan və insan tərəfindən bərpa olunan enerji resurslarından əldə edilir. Bu isə onların həm ətraf mühiti qorumasına, həm də enerji ehtiyatlarının tükənməsinin qarşısını almasına imkan verir.
Xüsusilə enerji istehsalında bərpa olunan mənbələrdən istifadə edilməsi bu gün dünya enerji sektorunda yeni seqment kimi hər gün öz əhəmiyyətini daha da artırır. ABŞ, Almaniya, Finlandiya, Norveç, Danimarka, Yaponiya və Çin kimi bir çox ölkələrdə də bu enerji sahəsindən geniş istifadə olunur. Ölkəmizin və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təbii-coğrafi şəraiti və iqlim qurşaqları da bərpa olunan enerji mənbələrindən istifadənin mümkünlüyünü aktual məsələ kimi önə çıxarıb. Son illərdə bu sahədə ciddi addımlar atılıb, müxtəlif həcmli enerji istehsal edən obyektlər istifadəyə verilib.
Bu gün muxtar respublikada bərpa olunan enerji mənbələrindən istifadə diqqət mərkəzində saxlanılır. Xüsusilə su elektrik stansiyaları ilə yanaşı, Günəş Elektrik stansiyalarının da sayı artır. Naxçıvanda günəşli günlərin sayının çox olması bu tip stansiyaların gücündən istifadəni daha da aktuallaşdırır. 2015-ci ilin dekabr ayında Babək rayonunun Xal-xal kəndi yaxınlığında 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilib. 2017-ci ilin sentyabr ayında stansiyanın gücü 2 meqavat artırılaraq 22 meqavata çatdırılıb.
“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Kəngərli Günəş Elektrik Stansiyası 2019-cu ilin fevral ayının 22-də Kəngərli rayonunun Qabıllı kəndində 2 meqavat gücündə inşa olunub. Daha sonra, 3 meqavat artırılaraq 5 meqavata çatdırılıb.
2021-ci ilin may ayının 26-da Şərur rayonunun Zeyvə kəndində 5 meqavat gücündə Şərur Günəş Elektrik Stansiyası istifadəyə verilib. 2022-ci ilin may ayının 5-də stansiyanın gücü 3 meqavat artırılaraq 8 meqavata, 2023-cü ilin iyun ayının 2-də stansiyanın gücü daha 3 meqavat artırılaraq 11 meqavata çatdırılmışdır.Hal hazırda Naxçıvan şəhərində ümumi gücü 50 MVt lıq “Şəms 1” və “Qərbi üfüq” Günəş elektrik stansiyaları inşa edilir.25 MVt-lıq “Şəms 1” layihəsi müəyyən edilmiş bərpaolunan enerji mənbələri ərazisində 52 hektar sahədə həyata keçirilir.
Stansiyanın istismara verilməsindən sonra illik təxminən 57 milyon kilovat-saat elektrik enerjisinin istehsal olunacağı və 19 minə yaxın ev təsərrüfatının enerji ilə təmin ediləcəyi planlaşdırılır.Bununla da ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısı alınacaq və 12 milyon kubmetr təbii qaza qənaət ediləcək.
Eyni zamanda gücü 25 MVt olan “Qərbi Üfüq” Günəş Elektrik Stansiyası istismara verilməsindən sonra illik təxminən 61 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq və bu, 21 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunmasına imkan verəcək. Eyni zamanda, ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısının alınacağı və 12 milyon kubmetr təbii qaza qənaət ediləcəyi proqnozlaşdırılır.
Naxçıvanda Günəş energetikasının inkişafı 2015-ci ildə Babək rayonunun Xal-Xal kəndi yaxınlığında 20 MVt gücündə Naxçıvan Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi ilə yeni mərhələyə qədəm qoymuşdur. 2017-ci ildə stansiyanın gücü 22 MVt-a çatdırılmış, sonrakı illərdə isə Kəngərli və Şərur rayonlarında yeni günəş elektrik stansiyaları yaradılmışdır.
2024-cü ilin yekunlarına əsasən, Naxçıvanda günəş elektrik stansiyalarının ümumi quraşdırılmış gücü 39,4 MVt-a, illik elektrik enerjisi istehsalı isə 60,46 milyon kilovat-saata çatmışdır.
2026-cı ildə həyata keçirilən 25 MVt gücündə Şəms-1 və 25 MVt gücündə Qərbi Üfüq Günəş Elektrik Stansiyası layihələri bu inkişafın növbəti mərhələsini təşkil edir. Hər iki layihə tam gücü ilə fəaliyyətə başladıqdan sonra Naxçıvanda günəş elektrik stansiyalarının ümumi quraşdırılmış gücünün 89,4 MVt-a çatması gözlənilir.
Yeni stansiyaların illik istehsal proqnozları nəzərə alındıqda, mövcud 60,46 milyon kilovat-saatlıq istehsala əlavə olaraq 118 milyon kilovat-saat elektrik enerjisinin istehsalı potensialı yaranır. Beləliklə, tam illik fəaliyyət şəraitində ümumi günəş elektrik enerjisi istehsalının təxminən 178,46 milyon kilovat-saata çatacağı proqnozlaşdırılır.
Buda bərpa olunan enerji mənbələrinin inkişafının ekeloji təmizliyə və enerji təhlükəsizliyin artmasına səbəb olur.
Elnur TAĞIYEV
NDU Energetika mühəndisliyi ixtisası üzrə IV kurs tələbəsi








