Naxçıvanda hava şəraiti qeyri-sabit keçəcək
Naxçıvan Muxtar Respublikası ərazisində yanvarın 17-si axşam saatlarından başlayaraq yanvarın 21-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu müddətdə hava bəzi yerlərdə arabir yağıntılı olacaq, sulu qar və qar yağacağı, duman müşahidə ediləcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, küləyin sürəti 5–10 m/s təşkil edəcək, bəzi yerlərdə isə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4–7 dərəcə aşağı enəcək.
Gündüz saatlarında havanın temperaturunun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı proqnozlaşdırılır. Gecə isə 5–10 dərəcə şaxta, dağlıq ərazilərdə isə 15–18 dərəcəyədək şaxta təşkil edəcəyi gözlənilir.
Yağıntılı və soyuq hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı var.








