
Naxçıvanda ötən həftə ərzində fövqəladə hallar üzrə operativ tədbirlər görülüb
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirlikdən verilən məlumata görə, ötən həftə ərzində “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında qurumun aidiyyəti strukturları tərəfindən 5 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma, 2 müxtəlif ərazidə hərbi sursatların aşkar olunması və subasmaya məruz qalan 19 ünvanda qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görülən təcili tədbirlər nəticəsində yanğınların daha geniş sahəyə yayılmasının qarşısı alınıb, mənzildə bağlı qapı arxasında qalan 1 nəfər xilas edilib. Avtonəqliyyat qəzası zamanı deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılan 1 nəfər isə yaralı vəziyyətdə təcili tibbi yardım briqadasına təhvil verilib.
Babək və Ordubad rayonları ərazisində aşkar edilən hərbi sursatlar pirotexniklər tərəfindən götürülərək zərərsizləşdirilməsi üçün kənarlaşdırılıb.
Bundan əlavə, intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində su basmış 19 ünvanda suyun çəkilərək kənarlaşdırılması təmin olunub, ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.