Naxçıvanda sağlam həyat tərzi ilə bağlı maarifləndirici seminar keçirilib -

Naxçıvanda sağlam həyat tərzi ilə bağlı maarifləndirici seminar keçirilib - FOTO

23 Fevral 2026

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, “Altay” İdman Klubu və Turan Fitness Mərkəzinin birgə təşkilatçılığı ilə “Sağlam qidalan, sağlam yaşa!” adlı maarifləndirici seminar təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, seminarda tanınmış fitness model və məşqçi Günay Arazova, eləcə də bodibildinq üzrə Azərbaycan çempionu, məşqçi Həsən Abdullayev iştirakçılarla öz bilik və təcrübələrini bölüşüblər. Tədbirin əvvəlində Günay Arazovaya təşkilatçılar adından fəxri fərman və təşəkkürnamə təqdim edilib.

Nazirliyin şöbə müdiri Taleh İbrahimov və “Altay” İdman Klubunun rəhbəri Pərviz Hacılı çıxış edərək seminarın əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, sağlamlıq yaşından asılı olmayaraq hər kəs üçün vacib amildir. Bu baxımdan müntəzəm idmanla məşğul olmaq, sağlam həyat tərzi sürmək, düzgün və balanslı qidalanmaq əsas şərtlər sırasındadır.

Seminarın əsas hissəsində bir sıra aktual mövzuya toxunulub. Ürək-damar sağlamlığının qorunması, gündəlik şəkər normasının düzgün tənzimlənməsi, uşaqlarda fiziki inkişaf və qidalanmanın rolu barədə ətraflı məlumat verilib. Həmçinin pəhriz və çəki idarəetməsi, eləcə də peşəkar idmançı menyusunun formalaşdırılması prinsipləri izah olunub.