Naxçıvanda sərnişindaşıma xidmətləri genişləndirilib

Naxçıvanda sərnişindaşıma xidmətləri genişləndirilib

24 Sentyabr 2025

Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, muxtar respublikanın Naxçıvan, Şərur, Ordubad, Culfa və Şahbuz şəhərlərində fəaliyyət göstərən avtovağzallar vasitəsilə şəhərlərarası və rayonlararası sərnişindaşıma xidmətləri genişləndirilib.

Hazırda fiziki şəxslərə məxsus 123 marşrut üzrə ümumilikdə 299 avtobus və mikroavtobus sərnişindaşıma fəaliyyəti göstərir. Yalnız Naxçıvan şəhərində isə 9 şəhərdaxili marşrut xətti üzrə 118 nəqliyyat vasitəsi – 74 avtobus və 44 mikroavtobus fəaliyyət göstərir.

Bildirilib ki, Naxçıvan-Bakı-Naxçıvan beynəlxalq marşrutu üzrə fəaliyyət göstərən 6 avtobusda sərnişin sıxlığı nəzərə alınaraq reyslərin sayı artırılıb.

Bundan başqa, sərnişinlərin rahatlığı üçün 2025-ci ilin mart ayından etibarən “Biletim.az” platforması üzərindən onlayn bilet satışına başlanılıb.

Agentlikdən qeyd olunub ki, sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülər tərəfindən 250 ədəd fərqlənmə nişanı alınıb ki, bu da nəqliyyat vasitələrinin rəsmi və qanuni fəaliyyətini təmin edir. Hazırda muxtar respublika ərazisində 495 taksi minik avtomobili sərnişinlərin istifadəsindədir.