Naxçıvan MR-nın 2026-cı il üçün büdcə layihəsi müzakirə edilib
Naxçıvan Muxtar Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsi ilə bağlı müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Mətbuat Xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, regional və beynəlxalq müstəvidə uğurlu addımları yeni reallıqlar yaratmış və bu reallıqlar növbəti dövrlərdə Azərbaycanın yeni inkişaf mərhələsindəki strateji baxışını şərtləndirmişdir. Naxçıvan Muxtar Respublikası da ölkəmizdə müəyyənləşdirilmiş ümumi inkişaf konsepsiyasından kənarda qalmır. Bu çərçivədə dövlət büdcəsi hökumətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsində əsas idarəetmə alətidir və büdcənin hazırlanması prosesində səmərəlilik və prioritetlərin düzgün müəyyən edilməsi əsas prinsip kimi qəbul edilməlidir. Eyni zamanda büdcənin gəlir mənbələrinin diversifikasiyası, yerli resursların daha səmərəli istifadəsi və fiskal sabitliyin qorunması vacib amildir.
Ceyhun Cəlilov qeyd edib ki, 2026-cı il büdcə layihəsi hazırlanarkən əsas məqsəd iqtisadi artımı stimullaşdırmaq, sosial rifahı yüksəltmək və infrastrukturun müasirləşdirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsidir. O, vurğulayıb ki, qarşıdakı il üçün büdcə siyasəti Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın hədəf və prioritetlərinə tam uyğun şəkildə formalaşdırılmalıdır.
Ceyhun Cəlilov bildirib ki, 2026-cı ilin büdcəsində sosial istiqamətlərin gücləndirilməsi ön planda olacaq. Xüsusilə təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı və sosial müdafiə sahələri əsas prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Bu sahələrdə infrastrukturun təkmilləşdirilməsi, xidmətlərin keyfiyyətinin artırılması və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində məqsədyönlü layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur.
Müşavirə zamanı Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayilov və iqtisadiyyat naziri Kazım Hüseynəliyev çıxış edərək büdcə layihəsində planlaşdırılan gəlir və xərclər, əsas investisiya istiqamətləri, iqtisadi sektorlar üzrə prioritetlər barədə geniş məlumat veriblər.
Müzakirələr zamanı bir sıra təkliflər səsləndirilib. Həmçinin muxtar respublikanın sosial-iqtisadi inkişafını sürətləndirəcək layihələrin həyata keçirilməsi üçün dövlət və özəl sektor əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanıb.
Müşavirənin yekununda Naxçıvan Muxtar Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edilməsi barədə qərar qəbul edilib.








