Nazir: Naxçıvanın bütün rayonlarında DOST qəbul şöbələri fəaliyyətə başlayacaq

Nazir: Naxçıvanın bütün rayonlarında DOST qəbul şöbələri fəaliyyətə başlayacaq

05 Sentyabr 2026

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə bildirib ki, Nazirlik üçün cari il ərzində müəyyən edilmiş hədəflərin bir hissəsi artıq icra olunub. Naxçıvan Regional DOST Mərkəzi fəaliyyətə başlayıb, həmçinin 68 imtiyazlı şəxsə mənzillər təqdim olunub.

“Növbəti hədəfimiz muxtar respublikanın bütün rayonlarında Naxçıvan Regional DOST Mərkəzinin qəbul şöbələrinin fəaliyyətə başlamasıdır. Hazırda muxtar respublikanın bütün rayonlarında qəbul şöbələrinin fəaliyyətə başlaması istiqamətində əsaslı təmir işləri həyata keçirilir. Digər növbəti hədəfimiz Naxçıvan Regional İnformasiya Mərkəzi ilə bağlıdır. Bura əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və onların bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində fəaliyyət göstərən bir mərkəzdir və Heydər Əliyev Fondu tərəfindən yaradılmışdır. Artıq həmin mərkəzin bazasında Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətə başlaması istiqamətində işlər davam etdirilir. Layihələndirmə işləri yekunlaşıb, yaxın aylarda mərkəzdə əsaslı təmir işlərinə başlanılması hədəflənib”, – deyə nazir bildirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə REAL TV-nin “Obyektiv” verilişində Naxçıvanda sosial siyasətin icrası, DOST konsepsiyasının tətbiqi, sosial xidmətlərin rəqəmsallaşdırılması və digər istiqamətlər üzrə görülən işlər və qarşıdakı hədəflər barədə geniş məlumat verib.