NDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

NDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

18 Sentyabr 2026

Naxçıvan Dövlət Universitetində 18 sentyabr – Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Konservatoriya binasının həyətində “Nəfəsli alətlər” orkestrinin ifası ilə başlayan tədbir müxtəlif musiqi nömrələri ilə davam edib. “Arşın mal alan” əsərindən səhnəcik, “Cəngi” və “Uzundərə” rəqsləri, simli kvartetin ifasında “Arazbarı” əsəri təqdim olunub.

Daha sonra İncəsənət fakültəsinin müəllim və tələbələrinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib. Sərgidə musiqi mövzulu kompozisiyalar, rəngkarlıq, stilizasiya və heykəltəraşlıq nümunələrindən ibarət 50-dən çox yaradıcılıq işi nümayiş etdirilib.

NDU-nun rektoru Elbrus İsayev çıxışında Azərbaycan musiqisinin zəngin ənənələrindən və milli mədəniyyətimizin dünyada tanıdılmasında musiqi sənətinin rolundan danışıb. Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin və mədəniyyətinin inkişafındakı xidmətlərini qeyd edən rektor 18 sentyabrın Azərbaycanda Milli Musiqi Günü kimi təsis olunmasının tarixindən bəhs edib.

Rektor NDU-da milli musiqi sənətinin inkişafına xüsusi diqqət göstərildiyini vurğulayıb, Konservatoriyanın müəllim və tələbələrinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.

“Musiqi nəzəriyyəsi” kafedrasının baş müəllimi Rümiyyə Məmmədova Üzeyir Hacıbəylinin Azərbaycan musiqi sənətinin inkişafındakı rolundan danışıb.

Konsert proqramında Prezident mükafatçısı, NDU-nun müəllimi Sahil Babayevin bədii rəhbəri olduğu “Gənclik” instrumental ansamblının ifasında Həsən Rzayevin “Çahargah rapsodiyası” səsləndirilib. Prezident mükafatçıları İsrafil Qibləliyev və İlkin Abdullayev, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudov və Elmar Qasımovun ifasında Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub.