Kazım Hüseynəliyev: "Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 14 % artıb"
Bu ilin yanvar-avqust aylarında Naxçıvanda qeydiyyatda olan vergi ödəyicilərinin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,7 %, aktiv vergi ödəyicilərinin sayı isə 14,1 % artıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Naxçıvan Qadın Sahibkarlar Forumunda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bu müsbət dinamika qadınların sahibkarlıq fəaliyyətində də özünü göstərir: "Bu il sentyabrın 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 53 mini ötüb ki, onların da 29 %-ini qadınlar təşkil edib, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 % artıb".
K. Hüseynəliyev əlavə edib ki, hazırda aktiv vergi ödəyiciləri üzrə qadın sahibkarların 68 %-i kənd təsərrüfatında, 16 %-i xidmət sahəsində, 9 %-i ticarətdə, 7 %-i isə sənaye, tikinti, rabitə və digər sahələrdə fəaliyyət göstərir.








