Kərimbəyli kəndində müasir üsullarla yeni çiyələk təsərrüfatı yaradılır
Babək rayonunda fermerlərin kənd təsərrüfatının yeni istiqamətlərinə marağı artır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, rayonun Zeynəddin kəndində çiyələkçiliyin inkişafı və bu sahədə formalaşan təcrübə digər kəndlərdə də maraqla qarşılanır. Artıq Kərimbəyli kəndində də yeni çiyələk təsərrüfatının yaradılması istiqamətində işlər aparılır.
Kərimbəyli kənd sakini Kərimov Abdulla Əsər oğlu tərəfindən 0,8 hektar sahədə çiyələk təsərrüfatı yaradılır. Hazırda sahə əkinə hazırlanır, müasir damcı suvarma sistemi qurulub və malç örtüyünün çəkilməsi işləri aparılır. Hazırlıq işləri başa çatdıqdan sonra çiyələk tinglərinin əkilməsi nəzərdə tutulur.
Təsərrüfatın yaradılmasında müasir becərmə üsullarına üstünlük verilir. Damcı suvarma sisteminin tətbiqi suvarma suyundan daha səmərəli istifadə etməyə, malç örtüyü isə torpaqda rütubətin qorunmasına və alaq otlarının inkişafının qarşısının alınmasına kömək edir.
Zeynəddin kəndində formalaşan təcrübədən sonra Kərimbəylidə də çiyələkçiliyə marağın yaranması rayonda fermerlərin yeni təsərrüfat istiqamətlərinə və müasir becərmə üsullarına marağının artdığını göstərir.








