Naxçıvan Şəhər Poliklinikasında “Sülh, sağlamlıq və insan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə 21 avqust – 21 sentyabr tarixlərində ölkə üzrə elan edilmiş “Sülh Aylığı” çərçivəsində Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxsində “Sülh, sağlamlıq və insan hüquqları” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə müəssisənin rəhbərliyi, əməkdaşları və dəvət olunmuş qonaqlar iştirak ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə açan poliklinikanın baş həkim müavini, direktor vəzifəsini müvəqqəti icra edən Ləman İbrahimova “Sülh, sağlamlıq və insan hüquqları: qarşılıqlı əlaqə və əhəmiyyəti” mövzusunda çıxış edib. O, sülhün insan sağlamlığının qorunmasında, cəmiyyətin rifahının təmin edilməsində və insan hüquqlarının müdafiəsindəki mühüm rolunu diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev “Sülh şəraitində insan hüquqlarının və insan ləyaqətinin qorunması” mövzusunda məruzə edərək bildirib ki, insan hüquq və azadlıqlarına, ləyaqətinə hörmətin təmin olunması, ayrı-seçkiliyin qarşısının alınması, tolerantlıq və həmrəyliyin möhkəmləndirilməsi sülh mühitinin vacib şərtlərindəndir.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərov “Sülhün insan sağlamlığı və cəmiyyətin rifahına təsiri” mövzusunda çıxış edərək, sülh və təhlükəsizliyin insanların fiziki və psixoloji vəziyyətinə, eləcə də cəmiyyətin davamlı inkişafına müsbət təsirlərini vurğulayıb.
Tədbirin sonunda sülh mədəniyyətinin təşviqi, insan hüquqlarına hörmət, tolerantlıq və qarşılıqlı etimadın gücləndirilməsi mövzularında geniş fikir mübadiləsi aparılıb.
















