Naxçıvandan 12 ölkəyə məhsul ixrac olunub
Naxçıvan Muxtar Respublikanın xarici ticarət dövriyyəsi artıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə muxtar respublikanın İqtisadiyyat Nazirliyindən məlumat verilib.
2026-cı ilin yanvar–avqust aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 101,9 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz çoxdur.
Xarici ticarət dövriyyəsinin 8,7 milyon ABŞ dolları ixracın, 93,2 milyon ABŞ dolları idxalın payına düşüb.
İxrac olunan məhsullar sırasında tütün məmulatları, vafli və vafli məmulatları, sement, elektrik enerjisi, alçıpan, mineral sular, travertin, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, aromatlaşdırılmış içkilər, şokolad və tərkibində kakao olan ərzaq məhsulları, buğda kəpəyi, məsaməli beton, soğan, çay, sönməmiş əhəng və salfetka yer alıb.
Həmin məhsullar Gürcüstan, Qırğızıstan, İran, Yəmən, Türkiyə, Rusiya, İsrail, Suriya, İraq, Amerika Birləşmiş Ştatları, Ukrayna və Qazaxıstana ixrac olunub.
Sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində qəbul olunmuş qanunvericilik dəyişikliklərinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında vergi, gömrük və sosial sığorta güzəştləri tətbiq olunur.
Bu çərçivədə 2026-cı ilin yanvar-avqust aylarında 12 sahibkarlıq subyektinə ümumilikdə 139 təsdiqedici sənəd təqdim olunub. Həmin sənədlərdən 7-si texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı, 132-i isə xammal və materialların idxalı üçün verilib.
Nəticədə cari ilin 8 ayında Rusiya, Çin, Türkiyə, İran, İraq, Gürcüstan, Avstriya, Almaniya, Cənubi Koreya kimi ölkələrdən idxal olunan xammal, material və texnoloji avadanlıqlara görə sahibkarlar əlavə dəyər vergisi və gömrük rüsumları üzrə ümumilikdə 4,2 milyon manat məbləğində güzəşt əldə ediblər.








