Paylaş Hesablama Palatasında növbəti Kollegiya iclası keçirilib
Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iclasın birinci hissəsində Azərbaycan Respublikası Hesablama Palatasının auditoru Hilal Hüseynov tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təhsil sisteminin informasiyalaşdırılması fəaliyyətinin səmərəliliyi və nəticəliliyinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub.
İclasda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov və digər məsul şəxslər iştirak ediblər. İdarənin rəhbər şəxsləri auditin nəticələrinin qurumun fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcəyini, Hesablama Palatasının təklif və tövsiyələrinin nəzərə alınacağını qeyd ediblər.
Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, aşkar edilmiş nöqsanların audit olunan qurum tərəfindən aradan qaldırılması məqsədilə zəruri tədbirlərin görülməsi barədə qərar qəbul olunub.
İclasın ikinci hissəsində isə Azərbaycan Respublikası Hesablama Palatasının Aparat rəhbəri Tamerlan Yusif-zadə tərəfindən “Hesablama Palatasının 2026-2030-ci illər üçün Strateji İnkişaf Planının layihəsi” təqdim olunub və sənəd ətrafında müzakirələr aparılıb.
Qeyd olunub ki, 2026–2030-cu illəri əhatə edən Strateji Planının ilkin layihəsinin təqdimatı zamanı Milli Məclisin deputatları və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən səsləndirilən təkliflərin əksər hissəsi Strateji Planda nəzərə alınıb.
Müzakirələrin nəticəsində Strateji Planın təsdiq olunması barədə qərar qəbul edilib.
İclasın sonunda gündəlikdəki olan digər cari məsələlərə baxılıb, həmçinin 2025-ci ildə görülmüş işlər və 2026-cı ildə qarşıda duran vəzifələr müzakirə edilib. Hesablama Palatasının sədri tərəfindən Kollegiya üzvlərinə dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı işlərin sürətləndirilməsi, 2025-ci ilin İş Planı üzrə aparılan auditlərin nəticələrinin rəsmiləşdirilməsi prosesinin yekunlaşdırılması və s. istiqamətləri əhatə edən bir sıra tapşırıqlar verilib.








