Tural Əhmədov: Peşə tanınması imtahanında "İbtidai sinif müəllimliyi" üzrə 83% namizəd uğursuz olub
Peşə tanınması imtahanında "İbtidai sinif müəllimliyi" ixtisası üzrə namizədlərin 83%-i uğursuz nəticə göstərib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekununa dair keçirilən brifinqdə deyib.
O bildirib ki, həmin ixtisas üzrə 6 nəfərdən 5-i uğursuz nəticə göstərib, yalnız 1 müraciətçi uğurlu nəticə əldə edib:
"Uğursuz nəticələrin əsas hissəsi Rusiya Federasiyası və Gürcüstanın ali təhsil müəssisələrinin (ATM) məzunlarının payına düşür. Sözügedən ixtisas üzrə peşə tanınması imtahanında uğursuz nəticə göstərən müraciətçilər kvalifikasiyalarını Rusiya Federasiyası üzrə Moskva Dövlət Pedaqoji Universiteti, Moskva Şəhər Pedaqoji Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti; Gürcüstan üzrə isə İlia Dövlət Universiteti və Gürcüstan Texniki Universitetindən əldə edib. Keçid balını toplayaraq uğurlu nəticə göstərmiş 1 müraciətçi kvalifikasiyasını Türkiyə Respublikasının Bursa Uludağ Universitetindən əldə edib".








