Çin Naxçıvanın 216 məktəbini təhsil üçün avadanlıqla təmin edib

Çin Naxçıvanın 216 məktəbini təhsil üçün avadanlıqla təmin edib

25 Dekabr 2025

Çin Azərbaycanda sosial və təhsil təşəbbüslərini, təhsil şəraitinin yaxşılaşdırılmasına və gənclərin inkişafına yönəlmiş layihələri fəal şəkildə dəstəkləyir.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey ilin yekunlarına həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondu vasitəsilə Çin tərəfi Bakının Xəzər rayonundakı iki uşaq evinə Çin istehsalı olan elektron avadanlıq təqdim edib: "Nəticədə orada Çin və Azərbaycan dostluğunun rəqəmsal auditoriyası yaradılıb ki, bu da Azərbaycanın sağlamlıq imkanları məhdud gənclərin rəqəmsal dövrə daha yaxşı uyğunlaşmasına kömək edir".

Səfir, həmçinin xatırladıb ki, bu ilin noyabrında o, Naxçıvan Muxtar Respublikasında Çin tərəfindən maliyyələşdirilən distant təhsil avadanlıqlarının təhvil verilməsi mərasimində iştirak edib. Layihə çərçivəsində Naxçıvanın 216 məktəbinə avadanlıq verilib ki, bu da yerli məktəblilərin təhsil şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Lu Mey əməkdaşlığın qarşılıqlı xarakterini vurğulayıb: "Belə ki, Azərbaycan tərəfi də Çinin uzaq dağlıq bölgələrində təhsili dəstəkləyib, Yunnan əyalətinin Malipo qəzasındakı İkinci ibtidai məktəbdə oyun meydançasının tikilməsi üçün vəsait ayırıb. Çin tərəfi bunu yaxşı xatırlayır".

Onun sözlərinə görə, bu cür təşəbbüslər Çin və Azərbaycan arasındakı dostluğun əyani nümunələridir.

Səfir vurğulayıb ki, əməkdaşlığın bəhrələri hər iki ölkənin sadə insanlarına, xüsusən də gənc nəslə real fayda gətirir və Çin-Azərbaycan dostluğunun ictimai dəstəyinin daha da möhkəmləndirilməsi üçün möhkəm təməl yaradır.