Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Dekabrın 8-12-də quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı, vəhşi quşlara baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək.
Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar "Epicollect 5" proqramına daxil ediləcək.
Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları iştirak edəcəklər.
Tədbirlər müddətində götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələrə cəlb olunacaq.








