“myGov” platformasının 2 milyonuncu istifadəçisi olan naxçıvanlı gənc mükafatlandırıldı
“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə platformanın 2 milyon istifadəçiyə çatması münasibətilə geniş təqdimat mərasimi keçirilib.
Tədbirdə “mygov”un inkişaf tempi, rəqəmsal xidmətlərin genişləndirilməsi və növbəti mərhələ üçün planlaşdırılan yeniliklər barədə təqdimatlar edilib. İRİA İdarə Heyətinin sədri Fərid Osmanov çıxışında bildirib ki, qısa zamanda 2 milyon vətəndaşın “mygov”u seçməsi rəqəmsal xidmətlərə olan güclü etimadı göstərir və dövlət xidmətlərində əlçatanlıqla yanaşı şəffaflığın artdığını təsdiqləyir. O əlavə edib ki, qarşıdakı dövrdə də vətəndaşların tələblərinə uyğun innovativ və rahat həllərin təqdim olunması davam etdiriləcək.
İRİA-nın Rəqəmsal məhsulların inkişafı departamentinin müdiri Emil Rüstəmov platformanın əldə etdiyi nailiyyətlər və gələcək inkişaf perspektivləri ilə bağlı ətraflı təqdimat nümayiş etdirib.
Tədbir çərçivəsində “mygov”un 2 milyonuncu istifadəçisi Bəsti Ağamalızadə xüsusi olaraq təltif olunub və rəqəmsal xidmətlərdən daha fəal istifadə etməyə təşviq edilib.
Qeyd edək ki, 2025-ci ilin noyabr ayına olan göstəricilərə əsasən, “mygov” platformasında istifadəçi sayı 2 milyonu ötüb. Cari ildə 1 milyondan çox yeni vətəndaş qeydiyyatdan keçib ki, bu da ötən ilin sonu ilə müqayisədə iki dəfədən artıq artım deməkdir. Platformanın aktiv istifadəçilərinin sayı 800 min nəfərdir və hazırda sistem üzərindən 400-dən çox rəqəmsal xidmət təqdim olunur.








