Mikayıl Cabbarov növbəti dəfə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib

Mikayıl Cabbarov növbəti dəfə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib

27 Noyabr 2025

Mikayıl Cabbarov növbəti dəfə Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti seçilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə AGF-dən məlumat verilib.

Bu gün keçirilən qurumun ümumi yığıncağında federasiyanın prezidenti Mikayıl Cabbarov, vitse-prezidenti Namiq Əliyev, İcraiyyə Komitəsinin üzvləri Namiq Abdullayev, Fərid Mansurov, Vasif Məmmədov, Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, eləcə də federasiyanın üzvləri iştirak ediblər.

Tədbir AGF-nin son 4 illik fəaliyyətinin və güləş sahəsində görüləcək işlərin müzakirəsi, həmçinin İcraiyyə Komitəsinin tərkibinə seçkilərin keçirilməsi məqsədilə təşkil olunub.

Yığıncaqda AGF prezidenti Mikayıl Cabbarov dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda idmanın, o cümlədən güləşin inkişafı, gənc istedadların yetişdirilməsi, idmançılarımızın peşəkarlığının və beynəlxalq uğurlarının daha da artırılması ilə bağlı görülən işləri qeyd edib.

Yığıncaqda yetərsay müəyyənləşdirildikdən sonra mandat komissiyasının üzvləri və Ümumi Yığıncağın üzvləri təsdiqlənib. Daha sonra AGF-nin baş katibi Pərvin Piriyevin hesabatı dinlənilib. O, son 4 il ərzində federasiyada görülən işlərdən, əldə edilən nəticələrdən danışıb.

Bu müddət ərzində Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun, Paris-2024-ə seçim xarakterli Avropa Olimpiya Təsnifat turnirinin və U-23 Avropa çempionatının yüksək səviyyədə keçirildiyini qeyd edən baş katib 2022-2025-ci illərdə müxtəlif beynəlxalq yarışlarda 1031 medal qazanıldığını bildirib. Bunların 293-ü qızıl, 292-si gümüş, 446-sı isə bürünc medal olub.

Milli komandalar müxtəlif yaş qruplarında dəfələrlə Avropa və dünya çempionatlarında ilk "üçlük"də yer alıblar. Yunan-Roma güləşçilərimiz 2023 və 2024-cü illərdə dünyanın ən güclü komandası ünvanına sahib çıxıblar.

Güləş üzrə maddi-texniki bazanın gücləndirilməsi üçün müxtəlif infrastruktur layihələri həyata keçirilib. Həmçinin kütləviliyin artırılması məqsədilə intensiv təbliğat işləri aparılıb. Titullu güləşçilərin iştirakı ilə ustad dərsləri, məşqçilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün ümumrespublika seminarları təşkil edilib. Güclü irsin formalaşdırılması məqsədilə aşağı yaş qrupları üzrə güləşin inkişafına xüsusi diqqət ayrılıb. Bu da U-15 və U-17 yaş qruplarında böyük uğurlara nail olunmasına töhfə verib.

Tədbirdə AGF prezidenti vəzifəsinə səsvermə həyata keçirilib. Mikayıl Cabbarov növbəti 4 il üçün yenidən federasiyanın prezidenti seçilib. Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyev isə növbəti dəfə vitse-prezident vəzifəsinə seçilib. Həmçinin İcraiyyə Komitəsinin üzvləri səsvermə yolu ilə müəyyənləşiblər: Mikayıl Cabbarov, Namiq Əliyev, Namiq Abdullayev, Fərid Mansurov, Vasif Məmmədov.

Çingiz Hüseynzadə və Elnur Məmmədov çıxış edərək ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən layihələr, idmançıların beynəlxalq səviyyədə uğur qazanması üçün yaradılan imkanlardan söz açıblar.

Mikayıl Cabbarov yekun nitqində növbəti 4 il üçün qarşıdan duran hədəfləri və fəaliyyət istiqamətlərini qeyd edib, güləşçilərə məşq və yarışlarda yeni uğurlar arzulayıb.