Naxçıvanlı cüdoçular ölkə liqasının mükafatçıları arasında yer alıblar - FOTO
Bakı şəhərində cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının IV – sonuncu turuna yekun vurulub. Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışa Naxçıvandan məşqçi Orxan Quliyevin rəhbərliyi ilə 5 cüdoçu qatılıb. Onlardan 2-si mükafatçı olmağı bacarıb.
"Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, təmsilçilərimizdən Ləman Bağırova qızların yarışında 36 kq çəki dərəcəsində 4 görüş keçirib. İdmançı finaladək qələbə ilə irəliləsə də, həlledici görüşdə istəyinə çata bilməyib və gümüş medal qazanıb. Oğlanların yarışında mübarizə aparan İsmayıl Şükürlü də eyni qaydada çıxış edib 60 kq çəkidə gümüş medalçı olub.
Qeyd edək ki, Ləman Bağırova sonuncu turdan öncə reytinq sıralamasına başçılıq edir. Yekun sıralama Azərbaycan Cüdo Federasiyası tərəfindən açıqlanacaqdır.










