Sahibə Qafarova Məhəmməd Baqir Qalibaf ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçirilən 20-ci sessiyası çərçivəsində İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ilə görüşüb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Spiker Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqının mühüm rolunu qeyd edib və bu konfransın həm çoxtərəfli, həm də ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını söyləyib. İran İslam Respublikası İslam Şurası Məclisi sədrinin bu səfərinin də parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcəyinə inam ifadə edilib.
Söhbət zamanı Azərbaycan və İran arasında münasibətlərin hazırki səviyyəsindən məmnunluq ifadə olunub. Milli Məclisin sədri Sahibə Qafarova əlaqələrin bundan sonra da iki dost və qonşu ölkə arasında münasibətlərə uyğun şəkildə inkişaf edəcəyinə inamını bildirib. Qeyd olunub ki, hazırda iki ölkə arasında müxtəlif layihələr həyata keçirilir, yeni əməkdaşlıq perspektivləri nəzərdən keçirilir və bütün bunlar ikitərəfli əməkdaşlığın daha da inkişafına təkan verəcək.
Görüşdə regionda baş verən son proseslər də müzakirə olunub. Spiker Sahibə Qafarova ümidvar olduğunu bildirib ki, aparılan danışıqlar regionda gərginliyin azalmasına, davamlı sülhün və sabitliyin təmin olunmasına xidmət edəcək.
Görüşdə parlamentlərarası əlaqələrin iki ölkə arasındakı münasibətlərdə özünəməxsus rolu qeyd olunaraq, tərəflərin parlamentlərarası əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqları diqqətə çatdırılıb.
Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıqları, həmçinin müxtəlif səviyyələrdə digər təmaslar qeyd olunub. Sədr Məhəmməd Baqer Qalibaf Prezident İlham Əliyevin İranın Azərbaycan səfirliyinə gələrək, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verməsini, İran səfirliyinə gələrək matəm kitabını imzalamasını yüksək qiymətləndirib və buna görə təşəkkürünü ifadə edib. O, müharibə dövründə Azərbaycan dövləti və xalqının atdığı addımlara, göstərdiyi humanitar yardımlara görə minnətdarlığını bildirib və bunların İran xalqı üçün çox dəyərli olduğunu vurğulayıb.
İran parlamentinin sədri qeyd edib ki, onun Azərbaycana səfəri və tədbirdə iştirakı da bu təşəkkürün ifadəsidir. O, göstərilən dəstəyə və yardıma görə Azərbaycan Prezidentinə, dövlətinə və xalqına təşəkkür edib.
Qonaq son bir il ərzində Azərbaycan və İran arasında əlaqələrdə daha böyük inkişafın müşahidə olunduğunu, xüsusilə iki ölkənin prezidentləri arasında müntəzəm təmasları vurğulayıb.
Məhəmməd Baqer Qalibaf regionda müsəlman ölkələri arasındakı münasibətlərin əhəmiyyətini qeyd edib.
İran parlamentinin sədri qanunvericilik orqanları arasında münasibətlərin mövcud səviyyəsindən razılığını bildirərək, əlaqələrin daha da genişlənməsinin parlamentlərarası əməkdaşlığın inkişafına mühüm təsir göstərəcəyini söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.








