Sığorta ödənişinin verilməsindən imtinanın əsasları dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Sığorta ödənişinin verilməsindən imtinanın əsasları dedikdə nə başa düşülür?
Cavab: Azərbaycan Respublikası Mülki Məcəlləsi 935-ci maddəyə əsasən:
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
1. Mülki Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması;
2. Mülki Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi;
3. müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. və s.
Sual Şahbuz rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünasYaqub Salamzadə tərəfindən cavablandırılıb.








