“Təhsil haqqında” Qanunda dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə olunub
Martın 5-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, komitə sədri Anar İsgəndərov gündəliyə Əmək Məcəlləsində və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) daxil edildiyini söyləyib.
Komitə sədri bildirib ki, təqdim olunan qanun layihəsində Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və digər bu qəbildən olan dövlət təhsil müəssisələrində çalışan təhsilverənlərin peşə yararlılığının attestasiya yolu ilə deyil, Elm və Təhsil Nazirliyində tətbiq olunan mexanizmə uyğun olaraq, sertifikasiya imtahanı vasitəsilə qiymətləndirilməsi nəzərdə tutulub.
Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qeyd edib ki, hazırda tətbiq olunan attestasiya qiymətləndirilməsi müasir metodologiyalar və müasir təcrübə ilə uyğunlaşmır. Eyni zamanda, attestasiya nəticələrinin hüquqi əsaslandırılması və məhkəmə mübahisələrində tətbiqi mexanizmləri kifayət qədər aydın tənzimlənmir. Layihənin qəbul edilməsi nəticəsində yuxarıda göstərilən təhsil müəssisələrində çalışan təhsilverənlərin nəzəri bilikləri, təcrübəsi və peşə yararlılığı sertifikasiya imtahanı vasitəsilə xüsusi qaydalara uyğun qiymətləndiriləcək.
Müzakirədən sonra qanun layihəsi ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.








