Azərbaycan idmanını uğura aparan yol
Azərbaycanda hər il 5 mart tarixində qeyd olunan Bədən Tərbiyəsi və İdman Günü ölkədə idman siyasətinin formalaşması və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu tarixin seçilməsi təsadüfi deyil. Belə ki, 1995-ci il martın 5-də Ümummilli Lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, həmin görüşdə Azərbaycan İdman Fondunun yaradılması təşəbbüsü irəli sürülmüşdür. Məhz bu tarixi hadisəni əsas götürərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il 4 mart tarixində imzaladığı Sərəncama əsasən 5 mart tarixini ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi təsis etmişdir. Bu qərar Azərbaycanda idmanın inkişafı istiqamətində yeni strategiyanın əsasını qoymuşdur.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu idman siyasəti nəticəsində Azərbaycan bu gün dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Dövlət başçısı tərəfindən idmançılara göstərilən yüksək diqqət və qayğı onların motivasiyasını daha da artırmış, beynəlxalq yarışlarda qazanılan uğurların sayını xeyli artırmışdır. Hər yarışdan sonra idmançılarla keçirilən görüşlər və onlara göstərilən dövlət dəstəyi Azərbaycan idmanının inkişafına mühüm töhfə vermişdir.
Bu məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan idmançıları dünya və Avropa çempionatlarında, eləcə də digər mötəbər beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir, qələbə kürsülərində Azərbaycanın üçrəngli bayrağını dalğalandırır, dövlət himnimizi səsləndirirlər. İdman uğurları bu gün Azərbaycanın beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayan amillərdən birinə çevrilmişdir.
Müstəqilliyimizin ilk illərində Azərbaycan idmanının imkanları məhdud olsa da, dövlətin bu sahəyə göstərdiyi diqqət nəticəsində qısa müddət ərzində böyük inkişaf mərhələsi yaşanmışdır. 1996-cı ildə Olimpiya Oyunlarında ilk dəfə müstəqil şəkildə iştirak edən Azərbaycan yalnız bir gümüş medal qazanmışdı. Lakin 20 il sonra – 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan milli komandası 18 medal qazanaraq medal sıralamasında 14-cü yeri tutmuşdur. Bu nəticə Azərbaycan idmanının keçdiyi inkişaf yolunun bariz göstəricisidir.
Bu gün ölkəmizdə müasir və yüksək səviyyəli idman infrastrukturu formalaşdırılmışdır. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman qurğuları Azərbaycanın beynəlxalq idman yarışlarının keçirildiyi mühüm mərkəzlərdən birinə çevrilməsinə imkan yaradıb. Məhz bu infrastruktur sayəsində ölkəmiz 2012-ci ildə FIFA U-17 Qızlar Dünya Çempionatına, 2015-ci ildə Birinci Avropa Oyunlarına, 2016-cı ildə U-17 Avropa Çempionatına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, eləcə də Formula-1 Azərbaycan Qran-Prilərinə və bir sıra digər nüfuzlu yarışlara uğurla ev sahibliyi etmişdir.
Bu gün Azərbaycanda idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır və ölkəmiz beynəlxalq idman aləmində güclü idman dövləti kimi tanınır. Dövlət tərəfindən idman sahəsinə göstərilən davamlı dəstək gələcəkdə də yeni uğurların qazanılacağına zəmin yaradır.
Bir idman mütəxəssisi olaraq Azərbaycanın idman ölkəsi olması və idmana xüsusi diqqət yetirən bir Prezidentə sahib olması ilə qürur duyuram.
Nicat Allahverdiyev
İdman mütəxəssisi








