YAP-ın Sədərək və Şahbuz rayon təşkilatlarına yeni sədrlər təyin olunub

YAP-ın Sədərək və Şahbuz rayon təşkilatlarına yeni sədrlər təyin olunub

09 İyul 2026

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iclasda bəzi rayon təşkilatlarının sədrlərinin təqaüd yaşına çatmaları ilə əlaqədar tutduqları vəzifədən azad olunmaları, həmçinin rayon təşkilatlarına yeni sədrlərin təyin edilməsi məsələsinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Qərara əsasən, Vüsalə Abazər qızı Əliyeva Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri təyin olunub.

1981-ci ildə Babək rayonunun Cəhri qəsəbəsində anadan olan Vüsalə Əliyeva Naxçıvan Özəl Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə müəllim kimi başlayıb, müxtəlif illərdə kitabxana müdiri vəzifəsində çalışıb, hazırda pedaqoji fəaliyyətini davam etdirir.

2004-cü ildən YAP üzvü olan Vüsalə Əliyeva 2011–2021-ci illərdə YAP Sədərək Rayon Təşkilatının Qadınlar Şurasının sədri vəzifəsində fəaliyyət göstərib. O, V və VI çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib, 2015-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub və hazırda YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İdarə Heyətinin üzvüdür.

İdarə Heyətinin digər qərarı ilə Nicat Zaur oğlu Ələkbərov Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri təyin edilib.

1990-cı ildə Şahbuz rayonunda anadan olan Nicat Ələkbərov Naxçıvan Dövlət Universitetini bitirib. Əmək fəaliyyətinə 2012-ci ildə "Bakı Metropoliteni" QSC-də başlayıb. 2015-ci ildən etibarən YAP Naxçıvan Muxtar Respublika Təşkilatında müxtəlif vəzifələrdə çalışıb. Son olaraq YAP Şahbuz Rayon Təşkilatının sədr müavini vəzifəsində fəaliyyət göstərən Nicat Ələkbərov İdarə Heyətinin qərarı ilə təşkilatın sədri təyin olunub.