“Zəfərin Gücü ilə Sağlamlıq Ayı” adlı tibbi aksiya başa çatdı - FOTO
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə keçirilən “Zəfərin Gücü ilə Sağlamlıq Ayı” adlı tibbi aksiya uğurla yekunlaşıb. Aksiyanın məqsədi əhalinin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, profilaktik müayinələrin əhatə dairəsinin genişləndirilməsi və tibbi xidmətlərə çıxış imkanlarının artırılması olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aksiya çərçivəsində Cəhri, Yaycı, Sədərək, Keçili, Dəstə, Dizə, Əbrəqunus, Qarabağlar və digər yaşayış məntəqələrində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərində və Kənd Tibb Məntəqələrində müxtəlif ixtisaslı həkimlər tərəfindən kardioloji, nevropatoloji, terapevtik, ginekoloji və pediatrik xidmətlər göstərilib, USM, EKQ və EXO müayinələri aparılıb.
Ümumilikdə 2945 nəfər tibbi müayinədən keçib. Onlardan 666 nəfəri USM, 539 nəfəri kardioloji, 473 nəfəri nevropatoloji, 442 nəfəri terapevtik, 545 nəfəri EKQ, 245 nəfəri ginekoloji, 42 nəfəri pediatrik və 24 nəfəri EXO müayinələrində iştirak edib.












