ASAP xarici ölkələrdə 27 Sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTO
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə əlaqədar Çin Xalq Respublikası, Çexiya, Latviya və Macarıstanda silsilə tədbirlər keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Çinin Şanxay şəhərində Çində təhsil alan azərbaycanlı gənclərin iştirakı ilə Anım Gününə həsr olunmuş “Azerbaijani Youth Forum: Unity, Remembrance, Honor” adlı gənclər forumu keçirilib. Görüş zamanı 30 il işğal altında qalmış ərazilərimizin azad olunmasından, Vətən müharibəsi və antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan bəhs edilib. Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və diplomatik fəaliyyət, xalqımızın birlik və həmrəyliyi Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm rol oynayıb. Tarixi Qələbənin xalqımızın yaddaşında xüsusi yer tutduğu vurğulanıb. Forumun ikinci hissəsində isə Azərbaycan Respublikası Gənclər Fondunun əməkdaşı Seyfur Hacımuradov, ASAP-ın Proqram meneceri Gülüstan Kərimli və Şanxay Jiao Tong Universitetinin tələbəsi, həmçinin ASAP Şanxay üzvü Yusif Məmmədovun iştirakı ilə “Xarici ölkələrdə Birlik və Milli Kimliyin qorunması” mövzusunda panel müzakirə keçirilib.
Çexiyanın Brno şəhərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar sənədli film nümayişi keçirilib. Azərbaycanlı gənclərin iştirakı ilə baş tutan tədbir zamanı vətənimizin azadlığı uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi anılıb. Nümayişin ardından filmin mövzusu və əhəmiyyəti ətrafında müzakirələr aparılıb. Görüş çərçivəsində Anım Gününün gənc nəsil arasında təbliğinin və tarixi yaddaşın qorunmasının əhəmiyyəti vurğulanıb.
Latviyanın Riqa şəhərində 27 Sentyabr – Anım Gününə həsr olunmuş görüş keçirilib. Tədbiri giriş nitqi ilə Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva altı il bundan öncə, 27 sentyabr 2020-ci il tarixində, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatına başladığını və bunun 44 günlük Vətən müharibəsinin başlanğıcı olduğunu diqqətə çatdırıb. Səfir Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə hər il sentyabrın 27-nin Anım Günü kimi qeyd olunduğunu bildirib. Eyni zamanda, Latviyada təhsil alan gənclərlə Vətən müharibəsinin tarixi əhəmiyyəti, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və milli yaddaşın qorunmasında gənclərin rolu barədə fikir mübadiləsi aparılıb.
Macarıstanın Budapeşt şəhərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən səfir Esmira Cəfərova 27 Sentyabr - Anım Gününün tarixi önəmindən və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfərə gedən yoldakı şücaətindən bəhs edib. Daha sonra Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin oğlu, hazırda Budapeşt şəhərində təhsil alan Nurlan Mirzəzadə atasının keçdiyi qəhrəmanlıq yolundan danışaraq onunla bağlı xatirələrini bölüşüb. Daha sonra gənclərlə Vətən müharibəsinin tarixi əhəmiyyəti, Zəfərin əldə olunmasında gənclərin rolu və milli yaddaşın qorunması barədə fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, 27 Sentyabr – Anım Gününə həsr olunmuş “History Through Law: Justice, Memory and Legacy” adlı onlayn görüş keçirilib. Müxtəlif ölkələrdə hüquq sahəsində təhsil alan gənclərin iştirak etdiyi tədbirdə Kembric və Corc Vaşinqton universitetlərinin məzunu, Qarabağ Universitetinin müəllimi, hüquqşünas Cavid Rəhimli və Vyana Universitetinin Müqayisəli Korporativ Hüququ üzrə doktorantı, eləcə də ASAP Vyana nümayəndəsi Ənvər Əliyev 27 Sentyabr – Anım Gününün tarixi və hüquqi əhəmiyyəti, beynəlxalq hüquq kontekstində Qarabağ münaqişəsi, müharibənin hüquqi aspektləri, ədalət və tarixi yaddaş məsələləri barədə iştirakçılara məlumat veriblər. Görüş zamanı həmçinin beynəlxalq hüququn münaqişələrin həlli və tarixi hadisələrin hüquqi qiymətləndirilməsində rolu müzakirə olunub, iştirakçıların sualları cavablandırılıb.














