Müstəntiq məhkəmə qərarı olmadan nə edə bilər? -

Müstəntiq məhkəmə qərarı olmadan nə edə bilər? - HÜQUQ MƏSLƏHƏTİ

28 Sentyabr 2026

Sual: Müstəntiq məhkəmə qərarı olmadan öz qərarı əsasında hansı istintaq hərəkətlərini məcburi apara bilər?

Cavab: Müstəntiq müvafiq məhkəmə qərarı olmadan öz qərarı əsasında aşağıdakı istintaq hərəkətlərini məcburi apara bilər:

1. yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış, axtarış və ya götürmə aparılması — Cinayət-Prosessual Məcəlləsinin 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar və hallar olduqda;

2. şəxsi müayinə aparılması — CPM-nin 238.2-ci maddəsində nəzərdə tutulmuş hallarda;

3. əmlak üzərinə həbs qoyulması — CPM-nin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda;

4. poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyulması, habelə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi — şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə olan ağır və ya xüsusilə ağır cinayətlər üzrə sübutların müəyyən edilməsi üçün təxirə salına bilməyən hallar yarandıqda.

5. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsinə şübhə yaradan əməliyyatların icrasının dayandırılması əmlakla əməliyyatın terrorçuluğun maliyyələşdirilməsinə yönəlməsini və ya cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasını güman etməyə kifayət qədər əsas verən təxirə salına bilməyən hallar yarandıqda.  

CPM-nin 177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri təxirə salına bilməyən hallarda müstəntiqin əsaslandırılmış qərarı ilə aparılmışdırsa, müstəntiq CPM-nin 443.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. Müstəntiqin qərarı istintaq hərəkətinin məhkəmənin qərarı olmadan aparılmasının zəruriliyi və təxirə salına bilməməyi əsaslandırılmaqla CPM-nin 446.2-ci maddəsinin tələblərinə uyğun olaraq tərtib edilir. 

Yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən CPM-nin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir.

Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı.