1 yaşlı uşağımı yedizdirmək üçün işdə fasilə tələb edə bilərəmmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Мənim 1 yaşında 1 uşağım vardır. İşlədiyim müəssisədə uşağımı yedizdirmək üçün fasilənin verilməsini istəyirəm. Lakin mənə bildirirlər ki, siz bu hüququnuzdan yalnız uşağın 6 ayı tamam olana qədər istifadə edə bilərsiniz. Bilmək istəyirəm ki, müəssisənin qərarı nə dərəcədə qanunauyğundur?
Cavab: Xeyr, həmin müəssisənin sizin barənizdə verdiyi qərar düzgün deyildir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 244-cü maddəsi уşağın yedizdirilməsi üçün fasilələrin verilməsi qaydalarını tənzimləyir. Həmin maddənin tələbinə əsasən yaş yarımına çatmamış uşağı olan qadınlar iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilələrdən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr almaq hüququna malikdirlər. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda isə hər fasilənin müddəti azı bir saat müəyyən edilir. Uşağın yedizdirilməsi ilə əlaqədar verilən fasilələr də iş vaxtına daxil edilir və orta əmək haqqı saxlanılır. Bu zaman qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər. Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır. Beləliklə də, siz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 244-cü maddəsinin tələbinə əsasən bu hüququnuzdan uşağınız yaş yarımа чатана qədər istifadə edə bilərsiniz.
Sual Culfa rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Heydər İbrahimli tərəfindən cavablandırıldı.








