ASCO-nun "Zərifə Əliyeva" gəmi-bərəsi indiyə qədər 681 səfər həyata keçirib
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişi ilə "Bakı Gəmiqayırma Zavodu" MMC-nin inşa etdiyi RoPax tipli "Zərifə Əliyeva" gəmi-bərəsi istismarda olduğu 4 il ərzində 681 səfər həyata keçirib.
"NAXÇIVANXƏBƏRLƏRİ" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu səfərlər çərçivəsində 427 vaqon, 2 439 minik avtomobili, 25 226 yük avtomobili (TIR) və 23 330 sərnişin daşınıb.
Daşımalar Aktau–Ələt, Ələt–Aktau, Türkmənbaşı–Ələt, Ələt–Türkmənbaşı, Kurık–Ələt və Ələt–Kurık istiqamətləri üzrə həyata keçirilib.
Uzunluğu 154,5 metr, eni 17,7 metr, bortunun hündürlüyü 7,5 metr olan gəmi-bərə 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili daşımaq imkanına malikdir.
"Zərifə Əliyeva" gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olan ASCO-nun digər bərələri ilə birgə yükdaşımalara, eləcə də əlverişli coğrafi mövqeyə malik ölkəmizin tranzit potensialının reallaşdırılmasına mühüm töhfə verir. ASCO-nun bu gəmi-bərəsinin "Zərifə Əliyeva" adlandırılması Azərbaycan dənizçilərinin görkəmli alim və həkim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın xatirəsinə sonsuz ehtiramının ifadəsidir", - deyə məlumatda qeyd olunub.








